• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Laçında İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

    25

    okt

    Laçında İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

    Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

    Ekologiya.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.

    Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpası və yenidən qurulması, gələcək inkişafının təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə, Zerti Aqro-Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

    Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrası davam edən və planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə ətraflı məlumat verib və bu tədbirlərin icrasında işçi qruplarının əlaqələndirici rolunun vacibliyini vurğulayıb.
    İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərin fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

    Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır.
    İşğal dövrünə qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağından 36-sı monitorinq və təftişə cəlb edilərək ehtiyatları yenidən qiymətləndirilib.
    Laçın rayonu ərazisində müvafiq cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd avtomatik radioekoloji stansiya quraşdırılaraq, istifadəyə verilmiş və 1 ədəd avtomat meteoroloji stansiyanın quraşdırılması planlaşdırılır.
    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, Laçın Dövlət Təbiət Yasaqlığının və Qaragöl Dövlət Təbiət Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub.
    Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.
    İclasda dəvət olunan digər qurumlar tərəfindən tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kiçik su elektrik stansiyaları barədə məlumat verilib.

    İclasda, həmçinin aidiyyəti qurumlara Laçın-Şuşa yolunda ətrafa atılmış tullantıların yığışdırılması, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığışdırılması işinin təşkil edilməsi, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün xəritələrin hazırlanması və su mənbələrinin yaradılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
    Sonra iştirakçılar Zerti Aqro-Sənaye Parkının işi ilə tanış olublar

    Tarix : 25-10-2023, 10:26 | Oxunub: 606