ARAŞDIRMA
Son zamanlar husilərin Qırmızı dənizdə gəmilərə hücumu yükdaşıma proseslərinə ciddi təsir göstərib, təchizat zəncirinin pozulmasına səbəb olub. Baş verən hadisələr fonunda logistika şirkətləri alternativ marşrutlara üz tutur. Bu marşrutlardan biri Ümid burnundan keçməklə yüklərin Avropaya çatıdırılmasıdır ki, bu zaman çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən azı 70 % artır. Həmçinin yeni yoldan istifadə gəmi və konteyner çatışmazlığına da səbəb olur ki, bütün bunlar qiymət artımında öz əksini tapıb. Bütün bu faktorlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) cəlbediciliyini və Azərbaycan logistikasının əhəmiyyətini ön plana çıxarır. “Report” Qırmızı dənizdə baş verən hadisələr nəticəsində Orta Dəhlizin rolu, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun artan tələblərə nə dərəcədə hazır olması, bu istiqamətdə görülən işlərlə bağlı araşdırma aparıb.Geosiyasi vəziyyət Orta Dəhliz istiqamətdə daşımaların həcmini artırıbSon dövrlər regionda baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna münaqişəsi Orta Dəhlizin əhəmiyyətini və bu istiqamətdə daşımaların həcmini nəzərəçarpacaq dərəcədə artırıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 2,1 dəfə artıb. Bu nəqliyyat vasitəsilə ixrac olunan yüklərin həcmində 48 %, idxal olunan yüklərin həcmində isə 2,1 dəfə artım müşahidə olunub.Həmçinin 2023-cü ildə dəniz limanları tərəfindən 13 milyon 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 48,8 min tonunu və ya 82,6 %-ni tranzit yüklər təşkil edib.2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub.Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımalarında da artım müşahidə olunub. Belə ki, ötən il ümumilikdə bu nəqliyyat növü ilə yükdaşımaların həcmi 2022-ci ilə nisbətən 7 % çox olub. İxrac edilən yüklərin həcmi 12 % artıb, idxal olunan yüklərin həcmi isə 3 % artıb.Qırmızı dənizdə baş verən hadisələr fonunda Orta Dəhlizdə yüklərin artması proqnozlaşdırılırDəyişən geosiyasi vəziyyət nəticəsində Orta Dəhlizin artan potensialı husilərin Qırmızı dənizdə üzən gəmilərə hücumu ilə daha da diqqət çəkməkdədir. Bunun əsas səbəblərindən biri də son həftələrdə Asiya-Avropa kimi ən çox zərər görən marşrutlarda yükdaşıma tariflərinin təxminən 300 % artmasıdır ki, bu tariflər potensial olaraq daha iki dəfə də arta bilər. Bir çox gəmiçilik şirkəti yükdaşımalarda əsasən təhlükəsizliyə üstünlük versə də, xərc və zaman amili də diqqətdən kənarda qalmır. Hazırda ən böyük logistika şirkətləri ("Maersk", "Cosco" və sair) gəmilərini təhlükəsizlik səbəbi ilə Qırmızı dəniz və Süveyş kanalına deyil, Ümid burnundan (Cənubi Afrikanın yaxınlığından) keçməklə Avropaya çatdırmağı qərara alıb, bu zaman ciddi vaxt və maliyyə itkisi ilə üzləşiblər. Eyni zamanda bir sıra Avropa şirkətləri ("IKEA", "KONE" və sair) müştərilərinə məhsullarının gec çatdırılacağı barədə xəbərdarlıq edirlər. Bütün qeyd edilən bu hadisələr diqqəti Azərbaycanın da fəal iştirakçısı olduğu Orta Dəhlizə yönəldib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli "Report"a bu hadisələrin fonunda Azərbaycandan keçən, Avropa və Asiyanı birləşdirən Orta Dəhlizə marağın sürətlə artdığını bildirib.O qeyd edib ki, dəniz daşımalarında qiymət və daşıma müddəti artdıqca, iki qitə arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir: “Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə bu yük həcminin daha çox artacağı gözlənilir”.Azərbaycan Orta Dəhliz vasitəsilə artan yüklərin qəbulu üçün hazırdırmı?Orta Dəhlizin artan potensialı Azərbaycandan keçən tranzit yüklərin həcmini artırmaqla yanaşı qarşıya mühüm öhdəliklər də qoyur. Artan yükləri vaxt itkisinə yol vermədən daşımaq üçün konteyner və gəmilərin sayına, limanların yükötürmə qabiliyyətinə diqqət yetirilməlidir.TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov "Report"a açıqlamasında artan yüklərin qəbulu ilə bağlı görülən işlərdən danışıb: “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar mühüm işlər görülür. Bakı Limanının inkişafının ikinci fazasının həyata keçirilməsi, dəniz donanmasının artırılması ilə bağlı atılan addımlar, həmçinin Qazaxıstan tərəfindən limanların təkmilləşdirilməsi ilə bağlı görülən işlər Orta Dəhlizin potensialının böyük olmasından xəbər verir. Regionda baş verən hadisələrə hazırlıqlı olmaq üçün bir sıra addımlar atmaq da vacibdir və bu istiqamətdə işlər görülür. Belə ki, hazırda gömrüklə bağlı məsələlər, rəqəmsal texnologiyaların tətbiqi üzərində çalışırıq. Məqsədimiz elektron sənəd hazırlayaraq, həm yükgöndərənlərə, həm daşıyıcılara, həm də sərhəd-keçid prosedurlarına nəzarət edən dövlət qurumlarına rahat bir platforma yaratmaqdır”.