ARAŞDIRMA
Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir. Çünki qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə təsir edən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən yeniliklər edilib. Hazırda da bu istiqamətdə NATO standartları tətbiq edilməkdədir.Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, texnika ilə təchizat bir yana, şəxsi heyətin normal qidalanmasında ciddi problemlər vardı. Vahid qidalanma cədvəli yox idi, hərbçilərin gündəlik qida rasionu düzgün tənzimlənmirdi. Nəticədə əsgərlər əllərində torba və ya su bidonları ilə rayon mərkəzlərinə, kəndlərə enirdilər. Qapı-qapı gəzib çörək və digər yeyəcəklər yığırdılar, artezianlardan su daşıyırdılar. Hətta faktlar var ki, keçmiş döyüş bölgələrində, düşmənlə cəbhə xəttinə yaxın yaşayış yerlərində bir evdə 5 çörək bişirdisə, onun ikisi hərbçilər üçün ayrılırdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti və bir neçə rayonun işğalını nəzərə alsaq, bunların nə qədər acı bir durum olduğunu təsəvvür etmiş olarıq. Təəssüf ki, 1990-cı illərin əvvəlləri Azərbaycan hərb tarixində məhz belə yadda qalıb.Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən inkişaf etdikcə hərbi sahə də dirçəlməyə başladı. Bununla belə, çatışmayan hələ çox şey vardı. Burada da zamana ehtiyac duyulurdu və o zaman çox sürətlə keçdi.Artıq Azərbaycan əsgəri kimdənsə çörək almır. Çünki Silahlı Qüvvələrdə vahid və nizamlı qida rasionu və təminatı yaradılıb. Müasir standartlara cavab verən bütün hərbi hissələr soyuducu anbarlarla təchiz edilib. Həmçinin, hərbi hissə daxilində təsərrüfat işlərinə mülki işçilər cəlb olunub, artıq əsgər yeməkxanalarında əsgərlər deyil, mülki aşpazlar çalışır.
Ordunun gündəlik qidalanması necə təşkil olunur, qida rasionuna nələr daxildir?Bu suala cavab tapmazdan əvvəl dünyanın bəzi qabaqcıl ölkələrində hərbi qulluqçuların qida rasionuna diqqət çəkək;“Business İnsider”in araşdırmasına görə, ABŞ Silahlı Qüvvələrində konservləşdirilmiş hərbi qidalar mülayim temperaturda 3,5 il, isti iqlimdə isə doqquz ay ərzində təzə qalır. Ordunun qida rasionunda “fastfood”lardan və 3 illik saxlama müddəti olan pizzalardan da istifadə olunur. ABŞ hərbçiləri daha çox “MRE” – yeməyə hazır qidalardan istifadə edirlər. Bu qidaları xüsusi isitməyə və hər hansı bir qatqı əlavə etməyə ehtiyac olmur. Onların seçimlərinə lobya, toyuq əriştəsi və spagetti daxildir. Həmçinin, kraker, pendir, qurudulmuş meyvə içkiləri, badam, xaşxaş toxumu da “MRE” formasında qida rasionuna daxil edilib. Əsgərlər hətta ad günlərini xüsusi “MRE” tortlar ilə qeyd edə bilirlər. Alimlərin tədqiqatlarından sonra 3 il saxlama müddəti olan bibərli pizza da hərbçilərin qida rasionuna daxil edilib. Bəzi hallarda dini və sosial baxışlarına görə (vegeterianlar və s.) onların qida rasionuna digər yeməklər də əlavə olunur. Böyük Britaniyada əsgərlərin qida rasionuna milli yemək olan "toyuq tikka masala” əlavə olunub. Onlara, həmçinin vegetarian yeməkləri, makaron, donuz əti və lobya da verilir. Cənubi Koreyada əsgərlərə toyuqlu düyü, lobya, donuz əti kolbasaları, küftələr, qurudulmuş ədviyyatlı tərəvəz bulyonu verilir. Koreyanın dəniz piyadaları potensial təhlükələrə hazır olmaq üçün hərbi təlimlər zamanı heç bir qatqıya və isitməyə ehtiyacı olmayan hazır yeməklərlə qidalanırlar. Bu ölkənin ordusunda milli yemək kimi düyü və ət tərkibli “bibimbap”dan da istifadə edilir. 2020-ci ildə ordu əsgərlərin tezliklə vegan yeməkləri yeyə biləcəklərini bəyan edib. Yeni menyuya “tofu”, tərəvəzlər, salatlar və vegetarian “bibimbap” da daxil edilib.Bəs Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı yeniliklər edilib? Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi necə tətbiq olunur? Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk illərindəki vəziyyətdən nə ilə fərqlənir?Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və bölmələrinin hərbi qulluqçularının gündəlik isti yeməklərlə qidalanması hərbi hissələrdə (gəmilərdə) ştata uyğun yeməkxanalar, kambuzlar va kayut-kompaniyalar vasitəsi ilə həyata keçirilir:Azərbaycan Ordusunda qidalanma - hansı yeməklər verilir?“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından aslı olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına bölünür. Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının yüksəldilməsi ən mühüm şərtlərdəndir. Buna görə də hərbi hissə komandirləri, maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının təmin edilməsinə daim qayğı göstərirlər.
Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib. Ərzaq payı normaları əsas və quru ərzaq paylarına bölünür. Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir. Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru ərzaq payı normaları daxildir. Əsas ərzaq payı normalarından başqa müxtəlif xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar verilir. Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.Nazirlikdən qeyd edildi ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə 4000-4100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə 4035-4120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə 4385-4450 kkal, müalicə ərzaq payı norması üzrə 3934-4000 kkal, kursant ərzaq payı norması üzrə 3930-4050 kkal, hərbi lisey kursantları üçün ərzaq payı norması üzrə 4400-4500 kkal, xüsusi təyinatlı dəstələrin ərzaq payı norması üzrə 4974-5000 kkal eneji dəyərinə malikdir."2013-cü ildən etibarən milli yeməklər hərbi qulluqçuların qida rasionuna daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər), küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli yeməklərin bişirilməsinə üstünlük verilir. Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay mövsümündə 4,5 litr (2 litr-içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün qış vaxtı isə 3,5 litr (1 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün) iç qablaşdırılmış su təminat normalarına daxil edilib”, - məlumatda bildirildi.