Qum fırtınası niyə baş verir və Azərbaycan üçün risk nə qədərdir? — ARAŞDIRMA
Qum fırtınası güclü küləyin torpaq səthindəki qum, toz və digər xırda hissəcikləri havaya qaldıraraq geniş əraziyə yayması nəticəsində yaranan təbii meteoroloji hadisədir. Bu zaman görünmə məsafəsi kəskin azalır, havanın keyfiyyəti pisləşir və həm insanların sağlamlığı, həm də nəqliyyat üçün ciddi risklər yaranır.
Ekologiya.az-ın xəbərinə görə, qum fırtınalarının yaranması üçün bir neçə amilin eyni vaxtda mövcud olması vacibdir. Güclü külək, uzun müddət yağıntının olmaması, torpağın quruması, bitki örtüyünün zəifləməsi və açıq qumlu sahələrin çoxluğu belə hadisələrin baş verməsi üçün əlverişli şərait yaradır. Külək torpağın üst qatındakı hissəcikləri qopararaq havaya qaldırır və onları kilometrlərlə uzağa daşıya bilir.
Bu hadisələr əsasən səhra və yarımsəhra iqliminin hakim olduğu ərazilərdə müşahidə olunur. Dünyada ən çox Böyük Səhra, Ərəbistan yarımadası, İran, İraq, Suriya, Monqolustan, Çin və Mərkəzi Asiya ölkələrində baş verir. Bəzi hallarda isə səhralardan qalxan toz buludları min kilometrlərlə məsafə qət edərək başqa ölkələrə də çatır.
Azərbaycanda qum fırtınaları tez-tez rast gəlinən hadisə olmasa da, xüsusilə aran və yarımsəhra zonalarında lokal xarakterli qum və toz fırtınaları zaman-zaman qeydə alınıb. Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Kür-Araz ovalığı, Abşeron yarımadası və Naxçıvanın bəzi əraziləri bu baxımdan daha həssas bölgələr hesab edilir. Azərbaycanda indiyədək baş verən qum fırtınalarının dəqiq sayını əks etdirən rəsmi statistika mövcud deyil.
Biləsuvarda müşahidə olunan son hadisənin baş verməsində bölgənin coğrafi və iqlim xüsusiyyətlərinin də rolu var. Muğan düzənliyində yay aylarında temperaturun yüksək olması, yağıntının az düşməsi, torpağın quruması və güclü küləklərin əsməsi qum və toz hissəciklərinin havaya qalxmasına səbəb ola bilir.
İqlim dəyişikliyi də belə hadisələrin yaranma riskini artıran əsas amillərdən biridir. Temperaturun yüksəlməsi, quraqlığın artması, torpaqların deqradasiyası, səhralaşma prosesinin sürətlənməsi və bitki örtüyünün azalması torpağın küləyə qarşı dayanıqlığını zəiflədir. Nəticədə güclü küləklər zamanı qum və tozun havaya qalxması daha asan baş verir.
Qum fırtınaları təkcə təbiət hadisəsi deyil, həm də sağlamlıq, kənd təsərrüfatı və nəqliyyat üçün təhlükə yaradır. Havadakı toz hissəcikləri tənəffüs yolları xəstəliklərini ağırlaşdıra, allergik reaksiyalara səbəb ola, görünmə məsafəsini azaldaraq yol qəzalarının riskini artıra və əkin sahələrinə ziyan vura bilər.
İqlim dəyişikliklərinin davam etməsi fonunda gələcək illərdə Azərbaycanın bəzi bölgələrində, xüsusilə aran rayonlarında lokal qum və toz fırtınalarının daha tez-tez müşahidə olunacağı ehtimal edilir. Bunun qarşısını almaq üçün torpaqların eroziyadan qorunması, yaşıllıq sahələrinin artırılması və səhralaşmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Aysel Muxtar