Göygöldə bəzi şirkətlər bələdiyyə torpaqlarını zəbt edərək, özlərinə kamp qurub - FOTO
Göygöl rayonunun Zurnabad və Kərimli kəndlərində fəaliyyət göstərən bəzi şirkətlərin bələdiyyəyə məxsus torpaq sahələrindən istifadə edərək özlərinə kamp və qarajlar inşa etdiyi barədə redaksiyamıza məlumat daxil olub.
İddialara görə, sözügedən ərazilərdə əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər tərəfindən yaradılan kamp ərazilərinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrini əhatə edir. Məsələni dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız həmin ərazinin bələdiyyə sədri Yelman Bayramovla əlaqə saxlayıb.
Ekologiya.az-a açıqlamasında Yelman Bayramov bildirib ki, Kərimli kəndində yerləşən kamp YTS MMC-yə məxsusdur.
Onun sözlərinə görə, kampın yerləşdiyi ərazidə torpaq sahəsinin 0,22 hektarı 47 saylı dövlət aktı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. Bundan əlavə, 1,08 hektar hissə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı biçənək sahəsinə, daha 0,23 hektar hissə isə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpağına düşür.
Bələdiyyə sədrinin sözlərinə görə, Zurnabad kəndində yerləşən birinci kamp NM MMC-yə məxsusdur. Həmin kampın yerləşdiyi ərazidə torpaq sahəsinin 0,42 hektarı bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpağına, 0,07 hektarı isə xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpağına düşür.
Yelman Bayramov qeyd edib ki, Zurnabad kəndində yerləşən ikinci kamp Rapid MMC-yə məxsusdur. Onun yerləşdiyi torpaq sahəsi tamamilə xüsusi mülkiyyətə aid kənd təsərrüfatı təyinatlı pay torpağı hesab olunur.
Bələdiyyə sədrinin verdiyi məlumata əsasən, Zurnabad kəndində yerləşən üçüncü kamp isə Aslanoğlu MMC-yə məxsusdur. Bu obyektin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir.
Bələdiyyə sədrinin açıqlamasından görünür ki, sözügedən kamp ərazilərinin bəzilərində bələdiyyə mülkiyyətinə aid torpaq sahələri mövcuddur. Bununla belə, həmin torpaqlardan hansı hüquqi əsaslarla istifadə olunduğu, bələdiyyə ilə hər hansı icarə və ya digər hüquqi münasibətlərin mövcud olub-olmaması, eləcə də ərazilərdə aparılmış tikinti və qurğuların qanunvericiliyin tələblərinə uyğunluğu barədə məlumat verilməyib.
Aysel Muxtar