Zirə sahilində dəniz suyunun rəngi dəyişib – Səbəb nədir?
Xəzər rayonunun Zirə qəsəbəsində sakinlərin çimərlik kimi istifadə etdikləri sahildə dəniz suyunun tünd qəhvəyi, palçığı xatırladan rəng alması narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə suyun adi rəngindən xeyli fərqləndiyi, sahilboyu geniş ərazidə bulanıq görünüş aldığı müşahidə olunur. Bu vəziyyət ərazidə dənizə üz tutan sakinlər arasında narahatlıq doğurmaqla yanaşı, hadisənin səbəbləri ilə bağlı müxtəlif ehtimalların da səsləndirilməsinə səbəb olub.
Məsələ ilə bağlı Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov Ekologiya.az-a açıqlamasında deyib ki, bəzi ərazilərdə dəniz sahillərinin hasarlanması hələ də davam edir:
“Bu məsələ illərdir müzakirə olunsa da, görünür, proses dayanmaq əvəzinə daha da sürətlənir. Digər tərəfdən, bəzi çimərliklərdə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müşahidə edilir. Çirkab suların birbaşa dənizə axıdılması suyun çirklənməsinə səbəb olur. Dəniz suyunun qırmızı və ya qəhvəyi rəng almasının əsas səbəblərindən biri zərərli yosun çiçəklənməsidir. Elmi ədəbiyyatda "qırmızı gelgit" (red tide) adlandırılan bu hadisə dinoflagellat adlanan mikroskopik yosunların sürətlə çoxalması nəticəsində baş verir. Bu mikroorqanizmlərin bəziləri toksin ifraz edir və nəticədə suyun rəngi dəyişir, dəniz canlılarının kütləvi tələfatı baş verə, molyusklar zəhərlənə, insanlarda isə dəri qıcıqlanması və tənəffüs yollarında narahatlıqlar yarana bilər”.
O bildirib ki, zərərli yosun çiçəklənmələrinin son illərdə daha geniş ərazilərə yayılması və daha uzun müddət davam etməsi əsasən qurudan dənizə axıdılan qida maddələri ilə zəngin çirkab sular və iqlim dəyişikliyi nəticəsində suyun temperaturunun artması ilə əlaqədardır:
“Bu amillər yosunların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Belə hallarda rəngi dəyişmiş sularda çimməməyi tövsiyə edirlər. Çünki zərərli yosunların yaratdığı toksinlər insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu səbəbdən dəniz suyunun rəngində qeyri-adi dəyişiklik müşahidə olunduqda həmin ərazilərdə çimməkdən çəkinmək və aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmək vacibdir”.
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib. Hazırda nümunələr üzrə laborator analizlər aparılır və nəticələr əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Eyni zamanda bildiririk ki, aparılmış ilkin araşdırmalar zamanı sözügedən ərazidən Xəzər dənizinə istiqamətlənmiş hər hansı axar müşahidə edilməyib.
Aysel Elnur