ARAŞDIRMA
Planetin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi son illər ciddi problemlər yaşayır. Söhbət dənizin səviyyəsinin kəskin şəkildə aşağı düşməyə başlamasından gedir. Aidiyyəti qurumlar dənizin çirkləndirilməsi və quruması prosesinin sürətləndiyi barədə həyəcan təbili çalırlar. Mütəxəssislər bununla bağlı məsələnin tam araşdırılması, onun fəlakət səviyyəsinə çatmaması üçün vaxtında tədbirlər görülməli olduğunu irəli sürürlər. Bu gün Xəzərə tökülən 128 axın mövcuddur. Volqa çayı Xəzərin qidalanmasında əsas paya sahib olmaqla yanaşı, onun çirklənməsində böyük rol oynayır. Belə ki, dənizə daxil olan tullantı sularının 60 faizi bu çayın payına düşür.Araşdırmaçı Aleksandr Korşenko və Alvin Qasım Gülün 2005-ci ildə hazırladığı "Xəzər dənizinin çirklənməsi" başlıqlı məqaləyə əsasən, Xəzər dənizinin başda neft karbohidrogenləri olmaqla çirklənməsi və onların dənizə və sahilyanı icmalara təsiri ilə bağlı tədqiqatlara ötən əsrin ortalarında başlanılıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ekoloji problemlərin əsas səbəbləri sırasında aşağıdakıları daxil edib:- dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi- sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması- kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axıdılması.Qeyd edək ki, Nikolay Aladin və İqor Plotnikovun 2004-cü ildə hazırladıqları "Xəzər dənizi" adlı məqalədə Xəzərin biomüxtəlifliyinin üzləşdiyi təhdidlər araşdırılıb. Bildirilib ki, biomüxtəlifliyin azalmasına bir tərəfdən dənizin kommersiya məqsədli istifadəsi səbəb olursa, digər tərəfdən isə insan fəaliyyəti sahilyanı ərazilərə, o cümlədən Xəzərdəki çaylardan gələn su axınına təsir göstərir. Maraqlıdır, Xəzərin səviyyəsindəki dəyişmələrin yaratdığı təhdidlər nədən ibarətdir? Həmçinin çirklənməsini önləmək və biomüxtəlifliyi qorumaq üçün hansı addımların atılmasına ehtiyac var?Türkiyənin dəniz biologiyası professoru, İstanbul Universiteti Su Elmləri Fakültəsinin Dəniz Biologiyası Departamentinin rəhbəri, Türkiyə Dəniz Araşdırmaları Vəqfinin idarə heyətinin sədri Bayram Öztürk “Report”a açıqlamasında bildirib ki, Xəzərdə suyun səviyyəsinin dəyişməsi Xəzər suitisindən başlayaraq bütün dəniz canlıları üçün təhlükə yaradır:“Xəzər qapalı dənizdir və şirin su xarakterinə malikdir. Onun biomüxtəlifliyi də buna uyğun inkişaf edib. Hazırda bu dənizdə endemik olaraq qalan nərə balıqları (sevryuqa) suyun tərkibinin dəyişməsi, çirklənmə və həddindən artıq ovlanma səbəbindən təhlükə altındadırlar. Qara dənizdən bu dənizə gələn daraqlı meduzalar kilkə kimi balıqların yumurtalarını yeyir və bu növ ekosistemi təhlükə altına alır. Çirklənmə səbəbindən ən böyük təhlükə isə ilk növbədə Xəzər suitisi üçün yaranıb. Belə ümumiləşdirə bilərik ki, nərə və kilkə balıqları həddindən artıq balıq ovu səbəbindən, Xəzər suitisi isə morbillivirusa görə təhlükə altındadır”.Mütəxəssis hesab edir ki, problemləri aradan qaldırmaq üçün isə bütün sahilyanı ölkələr əməkdaşlıq etməli və ümumi canlı ehtiyatları qorumalıdırlar:“Neftlə çirklənmə bütün Xəzər dənizinə təsir edir. Amma bunun günahkarı təkcə Azərbaycan deyil. Xəzərin çirklənməsində bütün tərəflər pay sahibidir, ona görə də ölkələr çirklənmənin qarşısını almaq üçün birlikdə çalışmalıdırlar”.