Bu dəfə ki, yazı Azərbaycanda ətraf mühitin akustik küy çirklənməsi problemlərinin araşdırılmasına həsr edilmişdir. Küyün fiziki mahiyyəti, insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr, küy parametrlərinin normallaşdırılması problemlərinin qısa şərhi verilir. Son onilliklərdə aparılmış tədqiqatlar sübut edir ki, küy çirklənməsi insanların davranışına, sağlamlığına və hətta idrakına təsir edən və şəhər mühitində geniş yayılmış bir problemdir: küy çirklənməsi bir sıra ciddi xəstəliklərin yaranmasına bilavasitə səbəb olur və ya onların yaranması üçün əlverişli zəmin yaradır. Məsələnin aktuallığı və əhəmiyyəti bir sıra beynəlxalq təşkilatların akustik küy çirklənməsi problemlərinin həlli istiqamətində apardıqları tədqiqatların nəticələrinə görə əsaslandırılır.
Səs fiziki cəhətdən intensivlik və tezliklə, fizioloji cəhətdən isə gurluğu (şiddəti) və yüksəkliyi ilə xarakterizə olunur. Səs-fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət dalğalarına deyilir.
Əvvəllər səs-küyün insana təsiri öyrənilmirdi. Amma hal-hazırda səsin insana və onun orqanizminə təsiri və ona qarşı tədbirlər son onilliklərdə bütün dünyada ən aktual problemlərdən biri sayılır. Son zamanlar orqanizmin funksiyalarına səs-küyün təsirini xüsusi elm – audiologiya öyrənir. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və bəzi səsli obyektlər), küçədə və evdə təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların konstruksiyası və s. səbəb olur. Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. Səs-küyün eşitmə üzvlərinə təsiri üç formada təzahür edir: yorğunluq, səs-küy zədəsi və peşə ağıreşitməsi . Səs-küy eşitmə üzvlərinə yerli təsirdən əlavə, bütün orqanizmə ümumi zərərli təsir də göstərir. Böyük intensivlikdə, davamiyyətli səs-küy insanın mərkəzi sinir sisteminə xeyli zərərli təsir göstərir. Nəticədə insanlar baş ağrısı, baş gicəllənməsi və qulağa səs düşməsindən şikayətlənirlər. Tibbi müayinə zamanı isə onlarda hipertoniya, qastrit, xora və digər xəstəliklər, eləcə də istehsalat səs-küyünün təsirindən müxtəlif peşə xəstəlikləri - arterial təzyiqin və ürək ritminin pozulması, eşitmə qabiliyyətinin zəifləməsi, yaddaşın, diqqətin, görmə itiliyinin və siqnallara həssaslığının zəifləməsi və s. aşkara çıxır. Son illərdə həkimlər səs-küyün təsirindən insanda yaranmış kompleks dəyişiklikləri “səs-küy xəstəliyi” adlandırırlar. İstehsalat səs-küyü əmək məhsuldarlığının aşağı düşməsinə, işdə xətaların və ya səhvlərin, eləcə də travmatizmin yüksəlməsinə səbəb ola bilər. Səs-küyün insan orqanizminə qarşı zərərli təsirinə qarşı əsas vasitə onun parametrlərinin buraxıla bilən səviyyələrinin normallaşdırılmasıdır. İstehsalat otaqları və iş yerləri üçün buraxılabilən səs-küy səviyyələrinin qiymətləri uzun müddətli tibbi tədqiqatların nəticələrinə əsaslanır. Müəyyən edilmişdir ki, təbii mənşəli küylər (dəniz dalğasının səsi, yarpaqların, küləyin səsi, çayın şırıltısı və s.) insan orqanizminə xoş təsir edir, onu sakitləşdirir, sağlam yuxu gətirir. İnsan gözlərinə nisbətən qulağı vasitəsilə daha çox informasiya alır. Müxtəlif səslər insana müxtəlif şəkildə təsir edir. Alçaqtezlikli səslər zil, fit və nərilti səsi insanda təşviş və qorxu hissi oyadır. Yüksək tezlikli səslər, məsələn zəng səsi də insan psixikasına pis təsir edir. Lakin tam bir səssizlik də insanın sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insanı səsdən təcrid edilmiş kameraya salsaq, o öz orqanizminin səslərini – ürəyinin döyüntüsünü, damarlarda qanın necə axdığını, əzələlərin necə yığıldığını və s. dinləməyə başlayacaq.
Tədqiqat nəticələri göstərir ki, hal-hazırda ətraf mühitin akustik küy çirklənməsi qlobal ekoloji problem vəziyyətinə çatmışdır. Ona görə də hər bir vətəndaşın öz sağlamlığını qoruması üçün olduğu yerin (yaşayış, iş, təhsil yeri və s.) akustik küy səviyyəsini qiymətləndirmə bacarığının olması çox əhəmiyyətlidir.
Məleykə Paşayeva
Ekologiya.az