ARAŞDIRMA
COP29-a sayılı günlər qalıb. Dünyanın diqqəti iki həftəyə yaxın Bakıya yönələcək. Azərbaycan adı aparıcı beynəlxalq media orqanlarında trendə çevriləcək.Təbii ki, hazırda bəşəriyyət qarşısında ən ciddi problem kimi dayanan iqlim dəyişmələri, qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları, dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə təşkil olunacaq müzakirələr meydanı olan COP29 həm də Azərbaycanın artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.Ekologiya.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.Bakı bu imtahandan da uğurla çıxacaqÖlkəmizin bundan əvvəl BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına ən çətin dövrdə rəhbərlik etməsi, əldə olunan nəticələr çox da uzaq keçmişə aid deyil. Pandemiyanın tüğyan etdiyi zamanlarda Bakının təşkilatın sədri olaraq irəli sürdüyü təşəbbüslərin, gerçəkləşdirdiyi layihələrin beynəlxalq birlik tərəfindən yekdil olaraq dəstəklənməsi COVID təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynadı. İndi isə növbədə daha ciddi problem olan iqlim kataklizmləri dayanır. Beynəlxalq ekspertlər Bakının bu imtahandan da uğurla çıxacağı qənaətindədirlər. Diplomatik səylərCəmi doqquz ay ərzində dünyanın ən böyük tədbirinə ev sahibliyi üçün hazırlıq müddəti olan Azərbaycanın bu işin öhdəsindən belə qısa müddətdə layiqincə gəldiyi yaxşı mənada hər kəsi təəccübləndirir. Rəsmi məlumatlardan da görünür ki, COP29-a hazırlıq artıq son mərhələdədir. Bu müzakirələrin planetimizin gələcəyi üçün müsbət qərarlarla yekunlaşması ilə bağlı Bakı platforması iştirakçılara hər bir şəraiti yaradacaq. Bu, tək təşkilati baxımdan deyil. Həm də vasitəçilik, mövqelərin uzlaşdırılması, yekun qərarlarda fikir ayrılıqlarının ortadan qaldırılması prosesinə də aiddir. Sirr deyil ki, ölkə başçısının tapşırığı əsasında COP29 rəhbərliyi hazırlıq müddətində dünyanın bir çox ölkələrinin rəhbərlikləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək iqlim konfransının uğurlu sonluqla yekunlaşması üçün çox ciddi, gərgin diplomatik və siyasi danışıqlar aparıb. Bakının bu təşəbbüslərinin ilkin dəyərləndirmələri də artıq özünü müsbət istiqamətdə büruzə verməkdədir.