“Böyük dövlətlərin böyük tullantıları” – Fövqəldövlətlər niyə narahatdırlar? – ANALİZ
İnkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyillənmələri davamlı hal alıb. Yeni neft-qaz yataqlarında kəşfiyyat işlərinin aparılması üçün lisenziya verilməsinin COP28 sazişindən sonra nəinki məhdudlaşdırılması, əksinə, daha da artması ciddi narahatlıq doğurur.
Hazırda Avropa ölkələrini qalıq yanacaqla təmin edən əsas ölkə olan Norveçdə də vəziyyət fərqli deyil. Bu ölkə son illərdə Avropaya həm boru kəmərləri, həm də mayeləşdirilmiş təbii qaz (LNG) formasında enerji ixracını kəskin artıraraq bir nömrəli təminatçıya çevrilib. Almaniyanın təbii qaza olan tələbatının 40%-dən çoxu hazırda üç sualtı boru kəməri vasitəsilə Norveç tərəfindən təmin edilir. Norveç Paris İqlim Sazişini imzalayan ölkələrdən biri olaraq 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağa dair öhdəlik götürsə də, qaz ixracını getdikcə artırır. “Enerji keçidi”ni elan edən dövlətlər ciddi maliyyə dəstəyinə ehtiyac duyduğu halda, Norveç qaz monopoliyasını inkişaf etdirir. Qeyd edək ki, 2023-сü ildə Almaniyanın “Sefe” dövlət enerji şirkəti ilə Norveçin “Equinor” şirkəti arasında qaz təchizatı üçün uzunmüddətli müqavilə imzalanıb. Bu, "Equinor"un indiyə qədər bağladığı ən böyük qaz müqavilələrindən biridir.