Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın xəstəxanalıq oldu -FOTOLAR
Paytaxt.org xəbər verir ki, bu dəfə də "qəhrəmanlıq" edən "Vialon" tikinti şirkətidir.
Daşların evin damına, həyətə düşməsindən qopan vahiməli səs-küy evdə olan uşaqların, qadınların həyəcan keçirmələrinə səbəb olub. Qadınlardan birinin vəziyyəti ağırlaşdığından təcili yardım çağırılıb, həkim yardım göstərib.
Ötən ay “Vialon” tikinti şirkəti Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən, sakinlər yaşayan evi dağıtmağa başlayıb. Şirkət əraziyə ağır texnika yeridərək söküntü işlərinə start verib.
“Vialon” MMC-nin nümayəndələri bu ərazidə törətdikləri son özbaşınalıqdan əvvəl Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda vətəndaş Ramin Ağayevin də yaşayış olan mülkiyyətini ekskavatorla sökmüşdülər. Halbuki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu “Vialon” MMC-yə həmin ünvanda söküntü işlərinin dayandırılması barədə göstəriş vermişdi. Lakin şirkət nümayəndələri bu xəbərdarlığa məhəl qoymurlar.
Qanunvericiliyə əsasən, heç bir vətəndaş yaşadığı evdən məhkəmə qərarı olmadan zorla çıxarıla bilməz. Hətta məhkəmə qərarı olduqda belə, təxliyə prosesi tamamlanmadan söküntü işlərinə başlamaq qadağandır.
Belə görünür ki, tikinti şirkətləri özlərini qanundan üstün görürlər.