Mehriban Əliyevanın doğum günüdür
Bu gün – 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyevanın doğum günüdür.
1964-cü ildə Bakı şəhərində anadan olan Mehriban Əliyeva Azərbaycanın elm, mədəniyyət və ictimai-siyasi həyatında xüsusi xidmətləri ilə seçilən görkəmli şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti ölkə sərhədlərini aşaraq beynəlxalq miqyasda da böyük hörmət və rəğbət qazanıb.
Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu ölkənin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. Fondun həyata keçirdiyi layihələr təhsil, səhiyyə, mədəni irsin qorunması, sosial rifahın yüksəldilməsi və humanitar dəyərlərin təşviqi istiqamətində mühüm nəticələr verib. Fondun dəstəyi ilə ölkədə minlərlə məktəb və uşaq bağçası tikilib və ya yenidən qurulub, xəstəxanalar müasir avadanlıqlarla təmin edilib, bir çox tarixi abidələr bərpa olunub.
Mehriban Əliyevanın fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. O, beynəlxalq təşkilatlarda humanizm, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinin təbliğinə böyük önəm verir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi müxtəlif ölkələrdə humanitar layihələr həyata keçirib, sülhün və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə töhfə verib.
2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva dövlət idarəçiliyində də fəal iştirak edir. Onun təşəbbüsləri ölkədə sosial siyasətin gücləndirilməsinə, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəlib.
Mehriban Əliyeva bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə humanizm, xeyirxahlıq və dövlətə sədaqətin rəmzi kimi tanınır. Onun doğum günü münasibətilə Azərbaycanda və dünyada çoxsaylı təbriklər səslənir. Bu təbriklər xalqın və beynəlxalq ictimaiyyətin ona olan dərin hörmətinin bariz göstəricisidir.
Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı