AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
“AzParkinq”lə bağlı ictimai narazılıq kütləviləşir, dövlət televiziyası da sürücülərin şikayətini işıqlandırdı - ekspertlər şəffaflığı yoxlamağa çağırdı
Son günlər “AzParkinq”lə bağlı ictimai narazılıq yenidən gündəmə gəlib. AzTV-nin hazırladığı süjetdə sürücülərin çoxsaylı şikayətlərinə yer verilib. İnsanlar haqlı olaraq sual edirlər: park üçün yığılan pullar hara gedir, kimə xidmət edir, nə üçün şəffaflıq yoxdur?
Deputat Vüqar Bayramov bildirib ki, parklanma sistemindən əldə edilən gəlirlər yalnız şəhər infrastrukturunun yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə xərclənməlidir: “Əgər bu vəsaitlər şəhərin abadlaşdırılması, yol nişanlarının yenilənməsi, ictimai dayanacaqların qurulması və ya elektron sistemlərin təkmilləşdirilməsi üçün istifadə olunmursa, deməli, burada şəffaflıq problemi var. Cəmiyyət hər ay yığılan məbləğ barədə məlumatlandırılmalıdır”.
Deputat həmçinin qeyd edib ki, parklanma prosesinə elektron nəzarət sisteminin tətbiqi vacibdir. Bu sistem həm gəlirlərin real qeydiyyatını aparar, həm də vəsaitlərin təyinatından yayınmasının qarşısını alar.
Ərşad Hüseynov
Nəqliyyat eksperti Ərşad Hüseynov isə mövzuya beynəlxalq təcrübə kontekstində yanaşır. Onun sözlərinə görə, bir çox ölkələrdə parklanma yerlərindən yığılan vəsaitlər yalnız həmin dayanacaqların saxlanması üçün deyil, bütövlükdə şəhər nəqliyyat sisteminin inkişafına yönəldilir: “Məsələn, bu pullar ictimai nəqliyyatın modernləşdirilməsinə, yeni avtobusların alınmasına, velosiped yollarının çəkilməsinə və hətta hava çirkliliyinin azaldılması proqramlarına xərclənir. Beləliklə, parklanma gəlirləri təkcə xidməthaqqı deyil, həm də şəhər ekosisteminin balanslaşdırılması üçün bir vasitədir”.
Ekspertin fikrincə, bu praktika həm şəhər büdcəsinin yükünü azaldır, həm də vətəndaşın həyat keyfiyyətini artırır. Lakin Bakıda yığılan pulların istiqaməti qaranlıq qalır.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli məsələni daha sərt şəkildə şərh edib. Onun fikrincə, “AzParkinq”in fəaliyyəti xidmət fəlsəfəsindən uzaqdır: “Dünyanın əksər şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə isə yalnız bazar günü bu qayda tətbiq edilir. Bayram günləri belə pulludur. Bizim qalstuklu məmurlar parklanmanın fəlsəfəsini anlamırlar. Onlar düşünürlər ki, əsas məqsəd pul yığmaqdır. Halbuki məqsəd insana xidmətdir, pul isə yalnız vasitə olmalıdır”.