Sellofan torba bəlası- Marketlər özlərini reklam edir, qiymətləri də bahalaşdırırlar...
Paytaxtın müxtəlif marketlərində danışdığımız alıcıların demək olar ki, hamısı oxşar fikir səsləndirdi: “Qiymətlər qalxandan sonra öz-özümə dedim ki, yəqin artıq insanlar seloffan paket almayacaq, çantaları ilə gəlib gedəcəklər. Amma nə dəyişib ki? Mağazalarda alternativ yoxdur. Mən də məcburam 2–3 paket götürməyə. Onsuz da evdə yığılır, sonra da atıram”,-deyə alıcılardan biri bildirir.
“Bunu artıranda düşünməlidirlər ki, adam paketsiz nə etsin? Hər kəs yanında parça torba gəzdirmir axı. Qoy alternativ olsun, mən də seçim edim. Amma belə bir seçim yoxdur. Ona görə də pulla da olsa alıram”, -başqa alıcı narazılığını belə bildirdi.
Bu fikirdən də aydın görünür ki, istehlakçı davranışı təkcə qiymətlə dəyişmir. Əgər əvəzləyici məhsul yoxdursa, seçim də mümkün olmur. Satıcılar deyir ki, qiymət artımı insanlarda narazılıq yaradıb.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a seloffan paketlərin qiymətlərinin artması ilə bağlı danışıb. O bildirib ki, bu sahədə tənzimləyici qanun yoxdur: ”Azərbaycanda seloffan torbaları pullu edəndə bunu ekologiya ilə əlaqələndirdilər. Bildirdilər ki, bu tədbirlə insanlar daha çox parça və kağız torbalara meyl edəcəklər. Lakin bunun əksi baş verdi. Seloffan torbalar pullu olandan sonra onlardan istifadə Azərbaycanda artıb. Bunun qarşısı paketləri pullu etməklə deyil, təbliğatla, maarifləndirmə ilə alınmalı idi. Seloffan torbanın qiymətini qaldırmaqla ondan istifadə azalmayacaq. Nəhayət nə baş verdi- torbaların satışını qazanc mənbəyinə çevirdilər. Avropada bu torbalar çox ucuzdur. Mağazada kassaya yaxınlaşanda orada hər kəs çantasından parça torba çıxarır və aldıqlarını içərisinə yığaraq aparır. Ona görə ki, orada bir vətəndaş inanır ki, o, seloffan torbanı almasa, özünü hansısa bir formada, kiçik də olsa ekoloji problemlərin həllində rol oynayacaq. Azərbaycanda bunu düşünən varmı? Bu istiqamətdə təbliğat aparılırmı? Torbanın pullu olması məqsəd deyil, məqsəd istifadəçini azaltmaq idi. Bizdə isə pullu olandan sonra istifadəçi də artdı”.
“Hökumət sadəcə qərar verib ki, bu torbalar pul ilə satılsın, lakin ona qiymət qoyulmayıb. Qiyməti əmtəəni istehsal edib pərakəndə satan təşkilat müəyyən edir. Bu sahədə qiymət artımının qarşısını alan mexanizm yoxdur. Bu layihə çox uğursuz və dəyərsiz layihədir. Bu yalnız seloffan istehsal edən şirkətlərin, marketlərin gəlirlərini artırdı. Əslində isə torbalar tamamı ilə qadağan olunmalı idi. O, kağız torbalar ilə əvəz edilməli idi. Eyni zamanda əhaliyə təbliğat aparılmalı idi ki, hər bir ailənin bazarlıq zənbili olsun”.
İqtisadı deyir ki, tənzimləmə olmadığına görə burada süni qiymət artımından söhbət gedə bilməz: “Bazar iqtisadiyyatında azad rəqabət və liberal qiymət prinsipi var. Sahibkar öz malını istədiyi qiymətə sata bilər, lakin onun rəqibi var, müştəri itirmək istəmədiyi üçün qiyməti optimal şəkilə salır. Bu gün supermarketlərin və seloffan istifadə edənlərin rəqibi yoxdur. Digər tərəfdən bu qiymətləri dövlət tənzimləmir”.
A. Nəsirli bildirir ki, mağazalar reklam haqqında qanuna zidd davranır: “Vətəndaş torbaya görə həm pul ödəyir, həm də sanki mağazanın reklamını aparır. Ya marketin seloffanı üzərində onun markası olmamalıdır, ya da market bunları pulsuz etməlidir”.
Paylaş:
Tam mətni oxu →