CƏMİYYƏT
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarını erməni işğalından azad etməklə Cənubi Qafqazda yeni reallıq yaratdı, postsovet məkanında separatizmə son qoyan ilk ölkə oldu. Biabırçı kapitulyasiya sənədinə imza atmağa məcbur olan məğlub İrəvan bir sıra tələbləri yerinə yetirəcəyi vədini verdi. Lakin proseslərin də gedişi göstərdi ki, Ermənistan çirkin xislətindən əl çəkə bilmir. 2020-ci il noyabr ayından sonra da Azərbaycan ərazilərində təxribatçı, separatçı əməlləri davam etdirməsi də bu faktı təsdiqləyir. Təxribatçı əməllərə cavab tədbirləri də özünü çox gözlətmədi. Azərbaycan 2023-cü ilin 19-20 sentyabrında həyata keçirdiyi antiterror tədbirləri ilə erməni separatizminə birdəfəlik son qoydu. Bununla da, ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan torpaqlarında süni şəkildə yaradılan qondarma qurum tarixin arxivinə göndərildi. Antiterror tədbirlərin yekununda qondarma separatçı rejim də özünü buraxdı. Ermənistanla sülh müqaviləsinin imzalanmasını prioritet məsələ kimi nəzərdən keçirən Azərbaycan bəyan etdi ki, regionun rifahı, sülh və əmin-amanlıq məhz qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasından keçir. Rəsmi İrəvan da səsləndirdiyi bəyanatlarda Azərbaycanın yaratdığı reallığı ən yüksək səviyyədə qəbul edib, baş nazir Nikol Paşinyan səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyib. Necə deyərlər, bir vaxtlar “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan üstündən üç il sonra ifadəsini dəyişərək Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirdi. Hökumət başçısı hətta “dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”, - deyərək əlavə edib ki, Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib. Baş nazir 2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib və əlavə edib ki, Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan isə Ermənistanın 29 800 kv.km ərazisini tanıyıb. Lakin Ermənistanın yerinə bir başqa dövlət olsaydı, bəlkə də dediklərini ciddi qəbul etmək olardı. Ermənilərin verdiyi sözə, imzaladığı sənədə hörmət etmədiklərinin şahidiyik, bu onları xarakterizə edən əsas xüsusiyyətdir.