Balaxanının yolu “Balaxanıneft”in mühafizəsi altında sıradan çıxarılır - FOTOLAR
Sözügedən ərazi “Balaxanıneft”in balansında olan sahədir. Ərazi mühafizə olunur, giriş-çıxışlar nəzarət altındadır, gecə-gündüz mühafizə xidməti fəaliyyət göstərir. Buna baxmayaraq, iri tonnajlı yük maşınları gecələr rahat şəkildə əraziyə daxil olur, tonlarla tikinti tullantısı boşaldır və heç nə olmamış kimi çıxıb gedir.
Bu, artıq adi səhlənkarlıq deyil. Bu, aylarla davam edən nəzarətsizliyə göz yumulmasıdır. Hətta prosesin səssiz razılaşma ilə baş verdiyi təəssüratı yaradır. Çünki bu qədər tullantının bir gecədə, bir nəfərin təşəbbüsü ilə atılması mümkün deyil. Söhbət 100 iriqabaritli yük maşını tullantıdan gedir.
Sakinlər bildirir ki, yağış yağan kimi yol tamamilə bağlanır. Avtobuslar palçığa batır, sürücülər təhlükəli manevrlərə məcbur qalır. Qəza riski artır, təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmətlərin Balaxanıya gedişi sual altına düşür. Gecə saatlarında isə yol görünməz tələyə çevrilir.
Burada artıq təkcə yol problemi yoxdur. Bu, ekoloji hüquq pozuntusudur, ictimai təhlükəsizlik riskidir, dövlət əmlakına qarşı açıq laqeydlikdir. Tikinti tullantılarının açıq əraziyə, üstəlik, əsas yolun kənarına atılması qanunvericiliyin kobud şəkildə pozulmasıdır.
Bu halda haqlı suallar yaranır: “Balaxanıneft” bu vəziyyətə niyə susur? Şirkətin mühafizəçiləri nəyi və kimdən qoruyur? Gecələr əraziyə daxil olan yük maşınları kimin tapşırığı ilə hərəkət edir?
Bu suallar cavabsız qaldıqca palçığa batan təkcə Balaxanıya gedən yol deyil, həm də məsuliyyət anlayışıdır.
Mövzu diqqətdə saxlanacaq və “Balaxanıneft”in, Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.