Ekologiya.az bildiri ki, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Bu, açıq-aşkar görünür ki, Azərbaycanda idarəetmə modeli artıq köhnəlib. Məsələyə institusional yanaşdıqda, bu vəziyyətin sırf təsadüfi kadr dəyişiklikləri ilə məhdudlaşmadığı aydın olur. Hökumətin özü də görür ki, köhnə “raykom” və “canişin” sistemi-adını hər nə qoyuruqsa- artıq işləmir. Praktikada ciddi uyğunsuzluqlar və ziddiyyətli məqamlar yaranır.İlk növbədə bir məsələyə toxunmaq lazımdır: Bakı şəhərində və ya onun rayonlarında icra başçısı olmaqla regionda icra başçısı olmağın arasında ciddi fərqlər var. Bakı şəhərində nazirliklər, Prezident administrasiyası, Nazirlər kabineti, çoxsaylı nəzarət qurumları, ictimai təşkilatlar və digər strukturlar fəaliyyət göstərir. Buna görə də vətəndaş icra başçısına orta səviyyəli məmur kimi baxır və şikayəti və ya müraciəti olduqda birbaşa aidiyyəti qurumlara üz tutur. Rayonlarda isə vəziyyət tamamilə fərqlidir. Vətəndaş hər xırda məsələyə görə Rayon İcra Hakimiyyətinə müraciət edir.1998–2000-ci illərin əvvəllərində AŞPA-ya üzvlük məsələsi gündəmə gələndə “de-çentralizasiya”, yəni bir sıra səlahiyyətlərin yerli özünüidarəetmə orqanlarına ötürülməsi tələbi irəli sürülmüşdü. Həmin vaxt “raykom”ların bir çox səlahiyyətləri əlindən alınaraq bələdiyyələrə verildi. Amma bu model praktikada işləmədi. Səbəbləri də hər kəsə məlumdur. Nəticədə bələdiyyələrin də bir sıra səlahiyyətləri geri alındı və regional idarələr yaradıldı – məsələn, Regional İdman, Səhiyyə, Təhsil idarələri, Reklam Agentliyinin regional bölmələri və s.Belə olan halda icra hakimiyyətlərində əsasən statistika aparmaq və hesabat vermək funksiyası qaldı. Bu gün rayon icra hakimiyyətlərinin saytlarına daxil olursan, görürsən ki, şəhid ailələri və qazilərlə görüşlər, şəkillər paylaşılır. Amma heç kim onlardan KPİ (Key Performance Indicators – əsas fəaliyyət göstəriciləri) tələb etmir. Sahibkarlığın inkişafı üçün nə etmisən? Neçə ölkəyə məhsul ixrac olunub? Rayona neçə investor cəlb etmisən? Neçə gənc beynəlxalq idman, musiqi və ya təhsil yarışlarına göndərilib? Hökumət bununla bağlı nə alt, nə də üst limitlər müəyyən edib”.Mütəxəssis əlavə edib ki, Azərbaycanda ciddi idarəetmə islahatlarına ehtiyac var: “Üfüqi və şaquli məsuliyyət yenidən bölüşdürülməlidir. Problem şəxslərlə bağlı deyil, sistematik xarakter daşıyır. Sualınıza gəlincə, əvvəlki vəziyyət olsaydı – yəni icra hakimiyyəti başçısının real səlahiyyət və funksiyaları mövcud olsaydı – boş qalan rayona dərhal başçı təyin edilərdi. İndiki halda isə regional qurumlar onsuz da öz işlərini görürlər. İcra hakimiyyəti institutu daha çox statistik funksiyanı yerinə yetirir. Ona görə də vəzifə boş qalsa və ya təyinat 6 ay geciksə, ciddi fərq yaratmır.Heç kim öz səlahiyyətlərindən imtina etmək istəmir. Bu səbəbdən də bələdiyyələrin statusunun yaxın perspektivdə artırılması real görünmür. Bundan başqa, bələdiyyələrə xalq arasında “yarımçıq doğulmuş uşaq” deyirlər. Onlara müəyyən səlahiyyətlər verilmişdi – torpaq satmaq, ərazisindən çıxan təbii sərvətlərə görə rüsum almaq, reklam rüsumu toplamaq, ərazidə yerləşən hotellərdən hər qonağa görə müəyyən faiz rüsum almaq və s. Lakin praktikada sui-istifadə halları müşahidə olundu.Bələdiyyə institutunun səlahiyyətlərini artırmazdan əvvəl həmin sahədə ciddi islahatlar aparılmasa, heç nə dəyişməyəcək. Nəticə etibarilə, mövcud vakantlıqlar daha çox planlı inzibati yenilənmə və regional idarəetmə modelinin optimallaşdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yəni bu uyğunsuzluqlar hökumətin özündə də çətinliklər yaradır. Anlayırlar ki, mütləq bu məsələyə nizam gətirilməlidir”.Musavat.com