“Tunel” qırğını: 33 il bundan öncə Kəlbəcərdə nələr olmuşdu?
Ramil Eldar oğlu Hüseynov hadisənin şahidlərindəndir. Onun mətbuata verdiyi müsahibəsindən bəzi məqamlar: “1993-cü ilin mart ayının əvvəllərindən Kəlbəcərdə vəziyyət pisləşmişdi. Ermənistanın silahlı dəstələti Ağdərə, Laçın və Göyçə istiqamətindən rayonun özünü və ətraf kəndləri intensiv şəkildə atəşə tuturdular. Elektrik enerjisinin verilməsi xeyli müddətdi kəsildiyindən ətraf aləmdən təcrid olunmuşduq, baş verənlərdən xəbərsizdik. Ümidimiz yalnız batareya ilə işləyən radiolara qalmışdı, bunlar da hər evdə yox idi. Kəndin ağsaqqalları, nüfuzlu şəxsləri bir evə yığışıb, xəbər verilişləri başlayanda radionu qoşur, veriliş qurtaran kimi radionu söndürüb, batareyanı da çıxarırdılar.
Saat təxminən 7-yə işləyəndə, maşın kənddən çıxdı. Yeddi kilometrlik məsafəni qət edib, Comərd kəndinə çatdıq. Burada yol tunelə girir.
Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı. Onun sürücüsü vəziyyəti başa düşüb, qəfildən sürəti artırdı. Yəqin ki, məqsədi ermənilərin əlindən qurtulub, “Tunel körpüsü” adlanan yerə çıxmaq idi. Oraya çata bilsəydi, bəlkə də adamları qətliamdan xilas edə bilərdi. Lakin bizim yanımızdan keçəndə gördüm ki, ermənilərin atdığı güllələrdən təkərləri deşilmiş maşın diskin üstündə gedir. Bu vəziyyət də 10-15 metrdən sonra dayandı. Onun arxasınca gələn, içərisində qadın və uşaqların da olduğu UAZ markalı minik maşın da irəliyə gedə bilmədi. İndi hər üç maşın atəş altındaydı, güllə yağış kimi yağırdı... Bizdən qabağa keçmiş yük maşınını ermənilər qumbaratanla vurub partlatdılar. Maşın yanmağa başladı.
Saat 12-yə yaxın atəş kəsildi və ermənilər pusqudan çıxdılar. 20 nəfərə qədərdilər. Əvvəlcə, qapıları açılmış, içərisindəki adamların meyiti aşağı sallanan UAZ-a tərəf gəldilər. Sonralar bildim ki, həmin maşındakılar Laçın rayo¬nunun Şam kəndindən olan Yusif Əliyev və ailə üzvləri imiş... Ermənilər onların hamısının öldüyünü görüb, bizdən qabağa keçib yanan yük maşınına yaxınlaşdılar. Sonradan öyrəndiyimə görə, həmin maşında 52 nəfər varmış və əksəriyyəti Laçın rayonu işğal olunanda gəlib, Kəlbəcərin Çobangərəh¬məz kəndinə sığınıblarmış... Yolda maşına iki hərbçi də minibmiş... Məhz onlara görə ermənilər maşını qumbaratanla vurmuşdular. Yanğından xilas ola bilməyən, yaralanmış insanlar alovların içərisində dəhşətlə bağırırdılar”.
Tunel qırğını şahidi Yeganə Əliyeva :” 1992-ci ilin mayında Şuşanın işğalından sonra ermənilərin Laçına doğru irəlilədiklərini eşidib, biz də ailəliklə Kəlbəcər rayonunun Qalaboyun kəndinə qohumlarımızın yanına köçdük və 1993-cü ilin mart ayına qədər orada yaşadıq. Ermənilərin Kəlbəcər ərazisinə daxil olması xəbəri gələndə kənddən çıxmağı qərara aldıq. Martın 29-da biz – atam, anam, mən, 11 və 12 yaşlı iki qardaşım qohumlarımızın maşını ilə rayon mərkəzinə yola düşdük. Mənim 16 yaşım vardı. O biri qardaşlarım hərbçi idi və həmin vaxt Kəlbəcərdə döyüşürdülər. Gecə Kəlbəcərdə qaldıq. Martın 30-da səhər saat 6-7 radələrində rayonu tərk etmək üçün qohum-əqraba ilə birlikdə iri yük maşınına mindik. 52 nəfər idik, əksəriyyəti də qadın və uşaqlardı. Hava dəhşətli soyuq idi, qar hələ tam əriməmişdi. Saat 8-9 radələrində tuneldən keçib, işıqlıq əraziyə çıxanda ermənilərin dinc azərbaycanlıları vəhşicəsinə öldürdüklərini gördük. İnsanların qışqırığı, ağlaşma səsləri qulaq batırırdı. Bu dəhşətli görüntüdən qorxu və çaşqınlıq içərisində olduğumuz anda erməni hərbçiləri bizim də maşını atəşə tutdular. Onu da qeyd edim ki, tunelin girişində maşınımıza 7-8 nəfər azərbaycanlı hərbçi minmiş, cəbhəyə yaxın ərazidə düşüb döyüşə girəcəklərini bildirmişdilər. Onlar ermənilərə cavab atəşi açdılar. Bundan sonra ermənilər daha da azğınlaşdılar. Əsil faşist xisləti göstərərək, uşağa, qadına fərq qoymadan şiddətli atəş açırdılar. Maşınımızın kabinəsini isə qumbaratanla vurdular.
İki saatdan sonra bir maşın gəldi. Bizi onun yük yerində üstü-üstə qalaqlayıb, apardılar. Yol boyu baxırdılar, kimin vəziyyəti ağır idisə və ya ölmüşdüsə, meşəyə atırdılar. Mənim üstümdə yaralı bir oğlan vardı, qanı üstümə axırdı. Yolda baxdılar ki, ölüb, onu da meşəyə atdılar”.
Qeyd edək ki, Kəlbəcər rayonu 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, 25 noyabr 2020-ci ildə hərbi əməliyyat keçirilmədən və bir şəhid verilmədən işğaldan azad edilib. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb.Musavat.com
Paylaş:
Tam mətni oxu →