"İlham Əliyevin Antalya Forumunda iştirakı Azərbaycanın dünya siyasətində söz sahibi olduğunu göstərir"
Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı
“İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində söz sahibi olan dövlətlərdən biri olduğunun nümayişidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar dövlətlərdən birinə çevrilib. Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir”.
O qeyd edib ki, məhz bu amillərə görə də ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır:
“Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək V Antalya Diplomatiya Forumunda iştirak etmək üçün dəvət almasıdır. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib”.
Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, V Antalya Diplomatiya Forumu mühüm əhəmiyyət kəsb edən beynəlxalq platformadır:
“Hazırda dünyada qlobal böhran yaşanır və beynəlxalq münasibətlər sistemində ciddi təzadlar mövcuddur, bu forumun məhz indiki dövrdə keçirilməsi olduqca yerinə düşür. İran-ABŞ-İsrail qarşıdurması, Rusiya-Ukrayna münaqişəsi, eləcə də Yaxın Şərqdə baş verən hadisələr bu gərginliyi daha da dərinləşdirən əsas amillərdir. Bu baxımdan Antalya Diplomatiya Forumunun keçirilməsi aktual və vacib təşəbbüs kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forumda mötəbər qonaq qismində iştirakı isə xüsusi əhəmiyyət daşıyır”.
O deyib ki, Azərbaycan regionun aparıcı və strateji əhəmiyyətə malik ölkələrindən biridir:
“Ölkə müharibə apararaq qələbə qazanmış və sonrakı mərhələdə sülh quruculuğu istiqamətində mühüm addımlar atmış nadir nümunələrdəndir. Bu isə Azərbaycanın zəngin təcrübəyə malik olduğunu göstərir. Prezidentin tədbirdə iştirakı müəlliflik və liderlik baxımından da diqqətəlayiqdir. Forumda iştirak edən və sülhün bərqərar olunmasına çalışan tərəflər üçün Azərbaycan təcrübəsi mühüm örnək rolunu oynaya bilər. Bu mənada dövlət başçısının iştirakı bir növ “ustad dərsi” kimi qiymətləndirilə bilər. Səfərin regional və beynəlxalq siyasət baxımından əsas mesajlarına gəldikdə isə, ilk növbədə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin möhkəmliyi bir daha vurğulanıb. Bu birgə əməkdaşlığın regionda sülh və sabitliyin təmin olunmasında əsas faktor olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb”.