Tam versiya
Ana səhifə CƏMİYYƏT Bir gün külək, bir gün isti — Həkim hava dəyişikliklərinin təsirindən danışdı
CƏMİYYƏT

Bir gün külək, bir gün isti — Həkim hava dəyişikliklərinin təsirindən danışdı

Yay fəslində hava şəraitinin qeyri-sabit keçməsi diqqət çəkir. Bir gün güclü külək, digər gün isə kəskin isti hava müşahidə olunur. İqlim dəyişiklikləri fonunda hava şəraitində baş verən bu cür kəskin dalğalanmalar artıq daha tez-tez müşahidə edilir. Belə dəyişikliklər xüsusilə insan sağlamlığı üçün ciddi risklər yaradır. Temperaturun ani dəyişməsi ürək-damar, tənəffüs və allergik xəstəliklərdən əziyyət çəkən şəxslərin vəziyyətinə mənfi təsir göstərə, günvurma, susuzlaşma və ümumi halsızlıq hallarını artıra bilər. Bununla yanaşı, bu proseslər ekoloji tarazlığa, bitki örtüyünə və su ehtiyatlarına da təsirsiz ötüşmür.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Ekologiya.az-a açıqlama verib.


O qeyd edib ki, iyunun 22-nə qədər hələ yaz fəsli hesab olunur:

“Yəni yay tam olaraq başlamış sayılmır, bu dövr daha çox yaz havasına uyğun gəlir. Əslində yazın havası da elə belə olur. Sözün düzü, biz əvvəllər öyrəşmişdik ki, may ayından etibarən havalar isinməyə başlamalıdır, hava əsasən isti keçməlidir və yalnız nadir hallarda sərin olmalıdır. Amma əslində bu, tam belə deyil. Yaz fəslində yağışın olması, havanın müəyyən qədər sərin keçməsi normal haldır. Buna birbaşa iqlim dəyişikliyi deməzdim. İqlim dəyişikliyi deyəndə daha çox güclü tropik yağışlar nəzərdə tutulur. Həmin yağışlar sel və subasmalara səbəb olur. Bu cür hadisələr ekologiyaya ciddi ziyan vurur, eyni zamanda insan təlafatlarına da yol aça bilir. Amma hazırda müşahidə etdiyimiz hava şəraiti, əslində, 30-40, hətta 50 il əvvəl rast gəlinən normal yaz havasıdır. Sadəcə, biz indi həmin hava şəraitinə yenidən rast gəlirik. Dünyanın başqa ölkələrində iqlim dəyişikliyi daha kəskin şəkildə hiss olunur”. 

O bildirib ki, Avropada əvvəllər iyun ayında 40-45 dərəcə isti müşahidə olunmurdu:

“Hətta iyul-avqust aylarında belə maksimum temperatur adətən 25-30 dərəcə civarında olurdu. Amma indi görürük ki, iyun ayında orada temperatur 40 dərəcəyə çatır, halbuki bizdə bu göstərici 28-30 dərəcədir. Bu da onu göstərir ki, iqlim dəyişikliyinin təsiri bəzi bölgələrdə daha qabarıq hiss olunur. Hava dəyişikliklərində atmosfer təzyiqinin də böyük rolu var. Atmosfer təzyiqinin kəskin dəyişdiyi vaxtlarda xroniki xəstələrə, yaşlı insanlara bu daha çox təsir edir. Çünki onların orqanizmi belə dəyişikliklərə daha həssas olur. Xüsusilə immun sistemi zəif olan insanlarda bu dəyişikliklər narahatlıq yarada bilir. Adi şəraitdə isə hava dəyişiklikləri insanların əksəriyyətinə ciddi təsir göstərmir. Soyuq havadan sonra istilərin gəlməsi normal prosesdir. Soyuq hava zamanı atmosfer təzyiqi adətən yüksək olur. Sonra hava kütlələri yer dəyişdikcə atmosfer təzyiqi zəif olan ərazilərə doğru hərəkət edir və həmin ərazilərdə təzyiq aşağı düşür. Bu zaman günəşli hava müşahidə olunur. Daha sonra qonşu ərazilərdə təzyiq yenidən yüksəldikdə hava şəraiti dəyişə bilir. Ona görə də hava dəyişiklikləri təbii prosesdir. Belə dəyişikliklər ola bilər, amma mən buna kəskin iqlim dəyişikliyi deməzdim”.


Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →