Tam versiya
Ana səhifə CƏMİYYƏT Amin Məmmədov: Nazirliyin regionlarda keçirdiyi qəbullar ekoloji problemlərin həllinə xidmət edir
CƏMİYYƏT

Amin Məmmədov: Nazirliyin regionlarda keçirdiyi qəbullar ekoloji problemlərin həllinə xidmət edir


Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovın regionlara səfərləri və yerlərdə vətəndaş qəbullarının keçirilməsi son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələrinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu cür səfərlər həm bölgələrdə mövcud ekoloji problemlərin yerində araşdırılmasına, həm də vətəndaşların narahatlıq doğuran məsələləri birbaşa aidiyyəti qurum rəhbərliyinə çatdırmasına imkan yaradır. Xüsusilə su ehtiyatlarının qorunması, qanunsuz ağackəsmə, tullantıların idarə olunması, torpaq eroziyası və digər ekoloji problemlərlə bağlı müraciətlərin operativ şəkildə dinlənilməsi və həlli baxımından bu qəbullar mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yerli icra strukturları ilə koordinasiyanın gücləndirilməsi, problemlərin sistemli həlli və ictimai etimadın artırılması baxımından regionlarda təşkil olunan görüşlər xüsusi diqqət çəkir.

Bu barədə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov Ekologiya.az-a açıqlama verib.

O qeyd edib ki, istər əvvəlki nazir Muxtar Babayev dövründə, istərsə də bu ilin fevral ayından təyin olunmuş Rəşad İsmayılov mütəmadi olaraq rayonlarda vətəndaş qəbulları keçirilir:

“Vətəndaşların ətraf mühitlə bağlı problemləri ilə şəxsən maraqlanılır. Bu, təkcə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün deyil, ümumilikdə bütün digər qurumlara və mərkəzi icra orqanlarının rəhbərlərinə də aiddir. Dövlət başçısı da çıxışlarında daim vurğulayır ki, məmurlar mütləq şəkildə əhali ilə sıx təmasda olmalı və onların problemləri ilə məşğul olmalıdırlar. Çünki bəzən yerlərdə çalışan aşağı və orta səviyyəli məmurlar mövcud problemləri tam şəkildə yuxarı instansiyalara çatdırmırlar. Bəzi hallarda isə sakinlərə və vətəndaşlara münasibətdə düzgün qərarlar qəbul edilmir, yaxud onların müraciət və şikayətlərinə operativ reaksiya verilmir”.


Onun sözlərinə görə, bununla əlaqədar olaraq Prezident İlham Əliyev nazirlərə və dövlət qurumlarının rəhbərlərinə tapşırıq verib:

“Buna görə də rayonlarda və regionlarda görüşlər keçirilir, problemlər yerində araşdırılır. Bu baxımdan ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər naziri də bu görüşləri maksimum intensivliklə keçirməyə çalışır. Burada nazirliklə yanaşı, tabeli qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak edir. Görüşlər zamanı problemlərin yerində və operativ həlli ilə bağlı lazımi qərarlar qəbul olunur, dəstək göstərilir. Müəyyən məsələlər isə nazir tərəfindən şəxsi nəzarətə götürülür. Bu görüşlərin əsas məqsədi ölkə başçısının məmurlardan tələb etdiyi keyfiyyətli xidmətin əhaliyə təmin edilməsidir. Hazırda ən aktual ekoloji problemlər sırasında qanunsuz ağac kəsimi, tullantıların düzgün idarə olunmaması, icazə verilməyən nöqtələrdən çaylara təmizlənmədən çirkab suların axıdılması, eləcə də çay yataqlarından tikinti xammalının qanunsuz çıxarılması yer alır. Bundan başqa, bəzi hallarda vətəndaşlarla bağlı tərtib olunan cərimə və aktlarda obyektivlik tam təmin edilmir. Belə hallarda əhali və sakinlər öz narahatlıqlarını ifadə etmək üçün qəbula yazılır, nazirə və ya müvafiq dövlət qurumunun rəhbərinə birbaşa müraciət edirlər”.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →