Bu kəndə ayılar hücum etdi: Mütəxəssis səbəbləri açıqladı - FOTO
Son dövrlər Azərbaycanda vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması halları daha tez-tez müşahidə olunur. Bu vəziyyət xüsusilə dağlıq və meşəlik ərazilərdə yaşayan sakinlər arasında ciddi narahatlıq yaradıb. Yırtıcı heyvanların kəndlərə daxil olması həm təsərrüfatlara ziyan vurur, həm də insanların təhlükəsizliyini sual altına alır. Quba rayonunun Yerfi kəndində baş verən son hadisə də bu problemin nə qədər ciddi xarakter aldığını göstərir. Sakinlər aidiyyəti qurumları təcili tədbirlər görməyə çağırırlar.
“Lakin burada əsas məsələ problemin mahiyyətini düzgün anlamaqdır. Ayılar niyə yaşayış məntəqələrinə yaxınlaşır, bu hansı səbəblərdən qaynaqlanır və gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər? İlk növbədə qeyd etmək lazımdır ki, Qafqaz qonur ayısı Azərbaycan faunasında, xüsusilə dağ və dağətəyi ərazilərdə ekoloji piramidanın ən üst pilləsində yer alan əsas yırtıcılardan biridir. Bəzi ərazilərdə Qafqaz bəbiri müşahidə olunsa da, say baxımından ayılar daha geniş yayılıb və daha real dominant yırtıcı rolunu oynayırlar. Azərbaycanda əsasən Qafqaz qonur ayısı yayılıb. Bu heyvanların özünəməxsus davranış modeli, ərazi bölgüsü və sosial hierarxiyası var. Ayılar qış aylarında daha passiv olur, qış yuxusuna gedirlər, lakin yay mövsümündə daha geniş areallarda hərəkət edirlər. Xüsusilə balaları yanında olduqda insana qarşı daha aqressiv davranış sərgiləyə bilirlər. Ayılar hər şeylə qidalanan heyvanlardır. Onlar həm ət, həm qoz-fındıq, meşə meyvələri, həm də insanların atdığı tullantılarla qidalana bilirlər. Bu da onların yaşayış məntəqələrinə yaxınlaşmasını asanlaşdıran amillərdən biridir”.
Ekoloq qeyd edib ki, 2013-cü ilə qədər Azərbaycanda ayı ov obyekti sayılırdı və müəyyən kvotalar əsasında ovuna icazə verilirdi:
“Lakin 2013-cü ildə ayı Azərbaycanın Qırmızı Kitabına daxil edildi və bundan sonra ov obyektləri siyahısından çıxarıldı. Bu qərar təbii olaraq ayı populyasiyasının artmasına təsir edən əsas faktorlardan biri oldu. Digər vacib məqam odur ki, ayı təbiətdə demək olar ki, təbii düşməni olmayan heyvandır. Balalar yalnız xəstəlik, qida çatışmazlığı və ya nadir hallarda öz aralarındakı mübarizə nəticəsində tələf ola bilər. Ərazi və qida imkan verdikcə populyasiya artmağa davam edir. Nəzərə alsaq ki, ayılar bir, iki, bəzən üç bala doğa bilir, say artımı daha da sürətlənə bilir. Son 15-20 ildə kəndlərin boşalması da bu prosesə ciddi təsir göstərib. İnsan fəaliyyəti azaldıqca, əvvəllər səs-küy, texnika, od-alov və insan hərəkətindən çəkinən ayılar tədricən həmin əraziləri öz areallarına daxil etməyə başlayıblar”.
Mütəxəssis əlavə edib ki, qoyunçuluğun zəifləməsi də mühüm amildir:
“Keçmişdə yaylaqlara çıxan böyük sürülər, çobanlar və çoban itləri ayıların kəndlərə yaxınlaşmasına mane olurdu. Hazırda isə heyvandarlıq, xüsusilə qoyun sürülərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu da ayıların daha sərbəst hərəkət etməsinə şərait yaradır. Bütün bu amillər ayı populyasiyasının artmasına və areallarının genişlənməsinə səbəb olur. Nəticədə ayılar öz instinktiv davranışlarını sərgiləyirlər, lakin cəmiyyət bu yeni reallığa tam hazır deyil. Aidiyyəti qurumlar real monitorinq aparmalı, ayıların baş sayını dəqiq müəyyən etməlidirlər. Populyasiya dinamikası nəzarətdə saxlanmalı, zərurət yaranarsa tənzimləmə mexanizmləri tətbiq olunmalıdır. Avropanın bir çox ölkəsində ayı populyasiyası həm ekoloji balansın qorunması, həm də ekoturizmin inkişafı baxımından düzgün idarə olunur. Azərbaycanda da ayı, canavar və digər yırtıcıların sayının tənzimlənməsi üçün uzunmüddətli dövlət strategiyasına ehtiyac var. Belə bir fəaliyyət planı hazırlanarsa, həm kənd təsərrüfatına dəyən zərəri, həm də insanların yaşayış məntəqələri üçün yaranan təhlükələri minimuma endirmək mümkün olar”.
Aysel Muxtar