Azərbaycan polisi: dövlətin möhkəm dayağı, xalqın etibar ünvanı
Hər il 2 iyul Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu tarix təkcə hüquq-mühafizə orqanı əməkdaşlarının peşə bayramı deyil, həm də ölkədə sabitliyin, təhlükəsizliyin və qanunun aliliyinin təmin olunmasında Azərbaycan polisinin xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir. Müstəqil Azərbaycanın inkişaf yolunda polis orqanları dövlətçiliyin qorunması, ictimai asayişin təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan əsas institutlardan birinə çevrilib.
Bu gün Azərbaycan polisi xalqın və dövlətin etibarlı dayağı kimi fəaliyyət göstərir. Cinayətkarlıqla mübarizə, hüquq pozuntularının qarşısının alınması, ictimai təhlükəsizliyin təmin olunması və qanunun aliliyinin qorunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkədə sabitliyin əsas təminatçılarından biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan kriminal vəziyyətə nəzarətin yüksək səviyyədə olduğu dövlətlər sırasında yer alır. Vətəndaşlar küçədə, evdə, iş yerində və yollarda özlərini təhlükəsiz hiss edirlər. Bu isə polisin peşəkarlığının, operativ fəaliyyətinin və cəmiyyətlə sıx əməkdaşlığının real nəticəsidir.
Azərbaycan polisinin fəaliyyəti yalnız hüquq-mühafizə sahəsi ilə məhdudlaşmır. Dövlət üçün taleyüklü məqamlarda polis əməkdaşları hər zaman ön sırada olub. Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Ordusu ilə çiyin-çiyinə döyüşərək torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıq nümunələri göstəriblər. Onlarla polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb, yüzlərlə əməkdaş müxtəlif dövlət mükafatları ilə təltif olunub. Bir çox polis əməkdaşına "Vətən Müharibəsi Qəhrəmanı" adı verilməsi onların göstərdiyi igidliyin dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı da polis əməkdaşları xüsusi peşəkarlıq nümayiş etdirərək təhlükəsizlik və asayişin təmin edilməsində mühüm rol oynadılar. İşğaldan azad edilmiş ərazilərdə sabitliyin qorunması, hüquq qaydasının bərpası və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində polis orqanlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıdı.
Azərbaycan polisi təkcə döyüş meydanında deyil, dinc şəraitdə də xalqın yanında olduğunu dəfələrlə sübut edib. Laçın dəhlizində keçirilən ekoloji aksiya zamanı polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdi, ictimai asayişi qorudu və mümkün təxribatların qarşısını aldı. Bu hadisə göstərdi ki, polis yalnız cinayətkarlığa qarşı deyil, milli maraqların müdafiəsində və ictimai təhlükəsizliyin təmin edilməsində də mühüm missiya yerinə yetirir.
COVID-19 pandemiyası dövründə də polis əməkdaşlarının fədakarlığı xüsusi qeyd olunmalıdır. Dünyanın ən ağır böhranlarından biri zamanı onlar gecə-gündüz xidmət apararaq karantin qaydalarına nəzarət etdilər, vətəndaşlara yardım göstərdilər, sosial təcrid şəraitində yaşayan insanlara dəstək oldular. Polis əməkdaşları həmin dövrdə öz sağlamlıqlarını riskə ataraq dövlətin həyata keçirdiyi tədbirlərin icrasında ön sırada yer aldılar.
Təbii fəlakətlər, kütləvi tədbirlər və digər fövqəladə hallar zamanı da polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək insanların təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu xidmət çox zaman görünməsə də, ölkədə gündəlik həyatın normal axarında davam etməsinin əsas şərtlərindən biridir.
Müstəqilliyin ilk illəri ilə bugünkü Azərbaycan polisi arasında böyük fərq mövcuddur. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, silahlı cinayətkar dəstələrin fəallaşması və hüquq-mühafizə sistemindəki problemlər artıq tarixə qovuşub. Son illər dövlət başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə polis orqanlarının maddi-texniki bazası əsaslı şəkildə gücləndirilib, əməkdaşların sosial müdafiəsi yaxşılaşdırılıb, müasir texnologiyalar tətbiq olunub, rəqəmsal idarəetmə sistemləri yaradılıb və peşəkar kadr hazırlığı yeni mərhələyə yüksəlib. Bu islahatlar hüquq-mühafizə sisteminin operativliyini və effektivliyini daha da artırıb.
Müasir Azərbaycan polisinin əsas üstünlüklərindən biri də xalqla polis arasında formalaşmış qarşılıqlı etimaddır. Polis əməkdaşları artıq yalnız qanunun keşiyində duran dövlət nümayəndəsi deyil, eyni zamanda vətəndaşın müraciət etdiyi, dəstək gözlədiyi və güvəndiyi bir institut kimi qəbul edilir. Bu etimad hüquq-mühafizə sisteminin dayanıqlılığını daha da möhkəmləndirir.
Azərbaycan polisi beynəlxalq təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verir. Beynəlxalq terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və insan alverinə qarşı mübarizə sahəsində müxtəlif dövlətlərin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır.
2 iyul Polis Günü münasibətilə demək olar ki, Azərbaycan polisi bu gün təkcə ictimai asayişi qoruyan hüquq-mühafizə orqanı deyil, dövlətçiliyin möhkəmlənməsində, milli təhlükəsizliyin təmin edilməsində və cəmiyyətin sabit inkişafında mühüm rol oynayan strateji institutdur. Şəhid polislərin xatirəsi ehtiramla anılır, xidmətdə olan əməkdaşların peşəkarlığı və fədakarlığı isə ölkənin təhlükəsiz gələcəyinin əsas təminatlarından biri kimi qiymətləndirilir.
Musavat.com