Xətaidə bu tikintiyə kim icazə verib?-VİDEO
Xətai rayonunda aparılan şübhəli tikinti işləri ilə bağlı rəsmi mövqe gözlənilir
Bakı şəhərinin Xətai rayonu, Çingizxan Kərimov küçəsində qanunsuz olduğu iddia edilən tikinti işlərinin aparılması ilə bağlı məlumatlar yayılıb. Əraziyə aid əldə olunan görüntülər həmin ünvanda tikinti fəaliyyətinin həyata keçirildiyini göstərir. Məsələ qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ekologiya.az-ın xəbərinə görə, sözügedən ərazidə aparılan tikinti işlərinin müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi ehtimal olunur. Qanunvericiliyə əsasən, yaşayış və qeyri-yaşayış təyinatlı tikinti işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarından müvafiq razılıq və icazələrin alınması zəruridir. Bu tələblərə əməl olunmaması isə həm şəhərsalma normalarının pozulmasına, həm də təhlükəsizlik baxımından ciddi risklərin yaranmasına səbəb ola bilər.
Məsələ ilə bağlı vəziyyətə aydınlıq gətirmək məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb və rəsmi mövqe öyrənilməyə çalışdıq. Lakin qarşı tərəfdən hələlik hər hansı cavab əldə etmək mümkün olmayıb.
Məsələyə aydınlıq gətirilməsi məqsədilə redaksiyamız tərəfindən Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ünvanına rəsmi sorğular göndərilib.
Redaksiyamız aidiyyəti qurumlardan rəsmi cavab gözləyir. Sorğularımıza cavab verildiyi təqdirdə qarşı tərəfin mövqeyi ictimaiyyətə təqdim ediləcək.
Mövzunu diqqətdə saxlayırıq.