Ekspert: Turizm düzgün idarə olunarsa, təbiətin qorunmasına xidmət edə bilər-FOTO
Turizmin sürətli inkişafı bir tərəfdən iqtisadi canlanma, məşğulluğun artması və regionların inkişafı üçün mühüm imkanlar yaratsa da, digər tərəfdən onun ətraf mühitə təsiri ilə bağlı müzakirələr də gündəmdədir. Xüsusilə təbii ərazilərdə artan turist axını ekosistemə təzyiqi artırır, tullantı problemini dərinləşdirir və biomüxtəlifliyə mənfi təsir göstərə bilir.
Bununla yanaşı, düzgün idarə olunan və dayanıqlı prinsiplərə əsaslanan turizm təbiətin qorunmasına, ekoloji maarifləndirmənin güclənməsinə və təbii resursların mühafizəsinə də töhfə verə bilər. Bəs turizm təbiətə daha çox zərər vurur, yoxsa onun qorunmasına xidmət edir?
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Ekologiya.az-a açıqlamasında deyib ki, turizm meşələrin və digər təbii ərazilərin məhvinə səbəb ola bilər:
“Zibil və plastik tullantıların artması ekoloji tarazlığın ciddi şəkildə pozulmasına gətirib çıxarır. Su və enerji ehtiyatlarından həddindən artıq istifadə torpaq balansını poza, hətta quraqlığa səbəb ola bilər. Heyvanların yaşayış mühitinin pozulması isə fauna və floraya ciddi zərər vurur. Turizmin təbiətə müsbət təsirləri də mövcuddur. Belə ki, turizm milli parkların və qoruqların qorunması üçün maliyyə mənbəyi yaradır. Eyni zamanda, yerli əhali və turistlər arasında ekoloji maarifləndirmənin artmasına şərait yaradır. Bu da biomüxtəlifliyin qorunmasına dəstək verir”.
Ekspert qeyd edib ki, ekoturizmin inkişafı sayəsində təbii sərvətlərdən davamlı və səmərəli istifadə təşviq olunur:
“Nəticə etibarilə, turizm plansız və nəzarətsiz şəkildə inkişaf etdikdə təbiətə ciddi zərər verə bilər. Lakin davamlı və məsuliyyətli şəkildə təşkil olunduqda, təbiətin qorunmasına, yerli icmaların rifahının yüksəlməsinə və ekoloji tarazlığın saxlanmasına mühüm töhfə verir. Buna görə də müasir turizmdə əsas məqsəd davamlı turizm prinsiplərinə əməl etməkdir”.
Aysel Muxtar