Tam versiya
Ana səhifə CƏMİYYƏT Yasamalda icazəsiz tikinti: Rəsmi sorğulara hələ də tam cavab verilməyib-VİDEO
CƏMİYYƏT

Yasamalda icazəsiz tikinti: Rəsmi sorğulara hələ də tam cavab verilməyib-VİDEO


Paytaxtın Yasamal rayonunda qanunsuz tikinti ilə bağlı növbəti narazılıq gündəmə gəlib. Rayonun A.M.Şərifzadə küçəsi 173 ünvanında yaşayan sakinlər iddia edirlər ki, ərazidə müvafiq icazə sənədləri olmadan tikinti işləri aparılır.

Ekologiya.az-ın xəbərinə görə, həyata keçirilən inşaat işlərinin qanunvericiliyin tələblərinə uyğunluğu şübhə doğurur.

Bu vəziyyət həm ətraf mühitə, həm də yaşayış təhlükəsizliyinə dair narahatlıq yaradır. Tikinti prosesinin hansı əsaslarla aparıldığı, layihənin təsdiq edilib-edilmədiyi və müvafiq dövlət qurumlarından lazımi icazələrin alınıb-alınmadığı barədə onlara hər hansı məlumat verilməyib. məsələnin araşdırılması, tikinti işlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması və zərurət yaranacağı təqdirdə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarının operativ müdaxiləsinə ehtiyac var.

Məsələyə aydınlıq gətirilməsi məqsədilə redaksiyamız tərəfindən Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ünvanına rəsmi sorğular göndərilib. Sorğularda aparılan tikinti işlərinin hüquqi əsasları, layihə sənədlərinin mövcudluğu, təhlükəsizlik ekspertizasının keçirilib-keçirilməməsi və obyektə nəzarət mexanizmləri ilə bağlı suallar yer alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirildi ki, tikintiyə icazələrin verilməsi həmin qurumun səlahiyyətlərinə aid deyil. Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd olundu ki, sözügedən məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir.

Sorğu ünvanladığımız digər iki aidiyyəti qurum isə təqdim etdiyimiz müraciəti cavabsız saxlayıb. Redaksiyamız aidiyyəti qurumlardan rəsmi cavab gözləyir. Sorğularımıza cavab daxil olan kimi məsələ ilə bağlı əlavə məlumatlar və qarşı tərəfin mövqeyi ictimaiyyətə təqdim ediləcək.

Mövzunu diqqətdə saxlayırıq.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →