Tam versiya
Ana səhifə CƏMİYYƏT Deputat Hikmət Babaoğlu: Təbiətə ziyan vuranlara qarşı cərimələr sərtləşdirilə bilər
CƏMİYYƏT

Deputat Hikmət Babaoğlu: Təbiətə ziyan vuranlara qarşı cərimələr sərtləşdirilə bilər


Son illər ölkənin müxtəlif bölgələrində qanunsuz ağackəsmə, icazəsiz qum-çınqıl hasilatı, çay yataqlarına müdaxilə və digər ekoloji hüquqpozmalara dair faktlar mütəmadi olaraq aşkarlanır.

 Aidiyyəti dövlət qurumlarının keçirdiyi reydlər, tətbiq olunan cərimələr və görülən digər tədbirlərə baxmayaraq, bəzi ərazilərdə bu cür qanunsuz fəaliyyətlərin tam qarşısını almaq hələ də mümkün olmur. Nəticədə təbii sərvətlərə ciddi ziyan dəyir, meşə fonduna zərər vurulur, çayların təbii axını pozulur, torpaq eroziyası güclənir və ekoloji tarazlıq təhlükə altına düşür. Ekoloji cinayətlərin yaratdığı fəsadlar təkcə bu günü deyil, gələcək nəsillərin sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnu da təhdid edir. Bu səbəbdən cəmiyyət arasında belə bir sual da getdikcə daha çox səslənir ki, təbiətə vurulan zərərin qarşısını almaq üçün mövcud hüquqi mexanizmlər yetərlidirmi, yoxsa ekoloji cinayətlərə görə məsuliyyət daha da sərtləşdirilməlidir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ekologiya.az-a açıqlamasında deyib ki, cərimələrin əsas məqsədi kimisə cəzalandırmaq deyil, mümkün qanun pozuntularının qarşısını almaq və çəkindirici mexanizm rolunu oynamaqdır:

“Başqa sözlə, cərimələr yalnız cərimə tətbiq etmək naminə nəzərdə tutulmayıb. Onların əsas funksiyası vətəndaşları cinayət və digər qanun pozuntularından çəkindirməkdir. Bu baxımdan, əgər mövcud cərimələr öz çəkindirici funksiyasını yerinə yetirmirsə, yalnız həmin halda onların məbləğinin artırılması məqsədəuyğun hesab oluna bilər. Ekologiya sahəsində bu məsələ xüsusi əhəmiyyət daşıyır. Bu gün ekoloji problemlər bəşəriyyətin qarşısında duran ən qlobal çağırışlardan biridir. Azərbaycanda COP29-un keçirilməsi də ölkəmizin ekoloji məsələlərə verdiyi önəmi göstərir. Bu çərçivədə dünyanın gələcəyi, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması ilə bağlı mühüm qərarlar qəbul edilib, müxtəlif təşəbbüslər irəli sürülüb”.


Deputat qeyd edib ki, buna görə də hər bir Azərbaycan vətəndaşı təbiətin qorunmasına həssas yanaşmalıdır:

“Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan su ehtiyatları baxımından zəngin ölkələr sırasında deyil. Eyni zamanda, ölkə ərazisinin cəmi 11–13 faizi meşələrlə örtülüdür. Belə şəraitdə təbiətə vurulan hətta kiçik ziyan belə ümumi ekoloji tarazlığa mənfi təsir göstərə bilər. Ona görə də əgər mövcud cərimələr ekoloji hüquqpozmaların qarşısının alınmasında kifayət qədər çəkindirici rol oynamırsa, onların məbləğinin artırılması məqsədəuyğun və zəruri addım hesab oluna bilər”.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →