Deputat Ceyhun Məmmədov: İqlim dəyişikliyi ilə bağlı yeni qanunvericiliyə ehtiyac var
Son illər iqlim dəyişikliyinin təsirləri Azərbaycanda da daha aydın hiss olunur. Qeyri-sabit hava şəraiti, uzunmüddətli quraqlıq, intensiv yağıntılar, sel və daşqınlar, eləcə də digər ekstremal təbiət hadisələri bu sahədə daha sistemli tədbirlərin görülməsi zərurətini gündəmə gətirir.
Mövcud ekoloji siyasətlə yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma və risklərin azaldılması istiqamətində ayrıca dövlət proqramının və ya yeni qanunvericilik təşəbbüslərinin hazırlanması məsələsi də müzakirə olunmalıdır. Belə bir sənədin dövlət qurumlarının fəaliyyətinin koordinasiyasını gücləndirməsi, preventiv tədbirlərin effektivliyini artırması və uzunmüddətli strategiyanın formalaşdırılmasına töhfə verməsi gözlənilir.
Bəs Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı ayrıca dövlət proqramı və ya yeni qanunun qəbuluna ehtiyac varmı?
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Ekologiya.az-a açıqlamasında deyib ki, dünya hazırda ciddi iqlim dəyişiklikləri ilə üz-üzədir və bu prosesin təsirləri Azərbaycanda da aydın şəkildə hiss olunur:
“İqlim dəyişikliyi artıq müxtəlif sahələrdə özünü göstərir və biz bunun nəticələrini gündəlik həyatda müşahidə edirik. Son vaxtlar müşahidə olunan intensiv yağıntılar və onların yaratdığı fəsadlar da bu reallığın bariz nümunəsidir. Bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılır. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və onlara uyğunlaşma ilə bağlı dövlət səviyyəsində ciddi tədbirlər həyata keçirilir. Bu məsələlər Prezidentin sərəncamlarında və digər strateji sənədlərdə də öz əksini tapıb”.
Deputat qeyd edib ki, iqlim dəyişikliklərinin yaratdığı riskləri daha səmərəli idarə etmək üçün bu sahədə görülən işlər davamlı olmalıdır:
“Mövcud qanunvericilik bazası müəyyən mənada kifayət qədər güclü olsa da, yaranan yeni çağırışlar yeni hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir. Bu baxımdan, ayrıca qanunun və ya qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atılması məqsədəuyğun olardı. Belə bir hüquqi baza həm mövcud problemlərin, həm də gələcəkdə yarana biləcək risklərin daha effektiv şəkildə tənzimlənməsinə imkan verə bilər”.
Aysel Muxtar