Ağacın aşması nəticəsində xəsarət alanların hüquqları nələrdir? – Hüquqşünas açıqladı
Bakıda son günlər müşahidə olunan güclü külək artıq təhlükəli hadisələrlə müşayiət olunur. Bir neçə gün əvvəl paytaxtın müxtəlif ərazilərində ağacların aşması ilə bağlı məlumatlar yayılmışdı. Növbəti belə hadisə isə Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında qeydə alınıb.
Parkda skamyada oturan gənclərin üzərinə ağacın aşması ciddi narahatlıq doğursa da, xoşbəxtlikdən hadisə faciə ilə nəticələnməyib və gənc yüngül xəsarət alıb. Baş verən hadisə güclü külək zamanı yaşıllıqlara nəzarət, qəzalı vəziyyətdə olan ağacların vaxtında müəyyən edilərək aradan qaldırılması və belə hallarda məsuliyyət məsələsini yenidən gündəmə gətirib. Bəs bu cür hadisələrdə məsuliyyət kimə aiddir və zərərçəkənlərin hüquqları qanunvericiliklə necə qorunur?
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalarına əsasən, hüquqa zidd hərəkət və ya hərəkətsizlik nəticəsində fiziki şəxsə vurulmuş zərər onu vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Bu baxımdan, parkın saxlanılması, yaşıllıqların təhlükəsiz vəziyyətdə qorunması və təhlükə yarada biləcək ağacların vaxtında müəyyən edilərək zərərsizləşdirilməsi həmin əraziyə cavabdeh olan qurumun vəzifəsidir”.
Hüquqşünasın sözlərinə görə, hadisənin başvermə səbəbləri aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır:
“Araşdırma zamanı ağacın fitosanitar vəziyyəti, eləcə də ona müntəzəm baxış və qulluq göstərilib-göstərilmədiyi müəyyən edilməlidir. Bu amillər hadisəyə görə hüquqi məsuliyyətin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Əgər ağacın aşması fövqəladə və qarşısıalınmaz təbii hadisənin (məsələn, qasırğa və ya ekstremal hava şəraiti) nəticəsi olubsa və cavabdeh qurum tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyü sübuta yetirilərsə, məsuliyyət məsələsi fərqli hüquqi qiymətləndirilə bilər. Lakin bu halın mövcudluğu və sübut edilməsi məsuliyyət daşıdığı iddia edilən tərəfin üzərinə düşür”.
Aysel Muxtar