Tam versiya
Ana səhifə CƏMİYYƏT Media ilə ən açıq və ən qapalı dövlət qurumları – Kim operativ cavab verir, kim susur?
CƏMİYYƏT

Media ilə ən açıq və ən qapalı dövlət qurumları – Kim operativ cavab verir, kim susur?


Müasir dövrdə dövlət qurumlarının fəaliyyəti təkcə gördüyü işlərlə deyil, həmin işləri cəmiyyətə necə çatdırması ilə də qiymətləndirilir. İnformasiya əsrində ictimaiyyət operativ, dəqiq və rəsmi məlumat gözləyir. Bu məlumatın insanlara çatdırılmasında isə medianın rolu əvəzolunmazdır.

 Jurnalistika cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır. Media dövlət qurumlarının fəaliyyətini ictimaiyyətə çatdırır, vətəndaşların problemlərini gündəmə gətirir, eyni zamanda qurumların hesabatlılığını və şəffaflığını artırmağa xidmət edir. Dövlət qurumları media ilə sağlam əməkdaşlıq etdikdə həm dezinformasiyanın qarşısı alınır, həm də vətəndaşların dövlətə etimadı güclənir.

Ekologiya.az xəbər verir ki, son illər Azərbaycanda bəzi dövlət qurumları media ilə operativ işləmək, sorğuları qısa müddətdə cavablandırmaq, mətbuat xidmətlərini gücləndirmək və ictimaiyyəti vaxtında məlumatlandırmaq istiqamətində ciddi irəliləyiş əldə edib. Bununla yanaşı, hələ də jurnalist sorğularına cavab verməyən, məlumatı gecikdirən və ya ümumiyyətlə media ilə ünsiyyətdən yayınan qurumlar da az deyil.

Jurnalistlərin ən çox üzləşdiyi problemlərdən biri informasiya əldə etmək hüququnun tam təmin edilməməsidir. Qanunvericilik dövlət qurumlarını sorğulara cavab verməyə borclu etsə də, praktikada vəziyyət hər zaman eyni olmur. Bəzən sadə bir məlumatın əldə edilməsi günlərlə, hətta həftələrlə vaxt aparır. Bəzi hallarda isə ümumiyyətlə cavab verilmir.

Operativ informasiya yalnız xəbərin keyfiyyətini artırmır, həm də şayiələrin və yanlış məlumatların yayılmasının qarşısını alır. Hadisə zamanı rəsmi qurum susduqda informasiya boşluğu yaranır və bu boşluq sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlarla doldurulur.

Son illərdə media ilə ən çevik və peşəkar işləyən qurumlardan biri Baş Prokurorluqdur. Qurum baş verən hadisələrlə bağlı operativ məlumatlar yayır, mühüm cinayət hadisələrinə dair rəsmi açıqlamaları qısa müddətdə təqdim edir və əksər hallarda jurnalist sorğularını cavablandırır. Daxili İşlər Nazirliyi də media ilə koordinasiyalı işləyən qurumlar sırasındadır. Cinayət, yol-nəqliyyat hadisələri, ictimai təhlükəsizlik və digər məsələlərlə bağlı mütəmadi məlumatlar paylaşılır, mətbuat xidməti aktiv fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusilə hava şəraiti, ekoloji problemlər, meşə yanğınları, vəhşi heyvanlarla bağlı hadisələr və iqlim məsələlərində operativ məlumat verməsi ilə seçilir. ASAN Xidmət və Şəhərsalma və Arxitektura Komitəsi də vətəndaş yönümlü kommunikasiya baxımından nümunə göstərilən qurumlardandır. Yeni xidmətlər, elektron sistemlər və layihələrlə bağlı mediaya mütəmadi məlumat verilir.

Fövqəladə Hallar Nazirliyi fövqəladə hadisələr zamanı ən operativ məlumat təqdim edən qurumlardan biridir. Yanğınlar, partlayışlar, sel və digər hadisələr barədə ictimaiyyət qısa zamanda məlumatlandırılır. Azərbaycan Dövlət Turizm Agentliyi turizm tədbirləri, statistika, yeni layihələr və mövsümi məsələlərlə bağlı media ilə açıq işləyən qurumlardandır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə məhsulların yoxlanılması, təhlükəli qidalar, istehlakçı hüquqları və monitorinqlərlə bağlı mütəmadi məlumat yayır və mediaya açıqlamalar təqdim edir.

Bu qurumların ortaq xüsusiyyəti güclü mətbuat xidmətinə malik olmaları, operativ reaksiya vermələri və ictimaiyyətin məlumat almaq hüququna daha həssas yanaşmalarıdır.

Jurnalistlərin ən çox narazılıq etdiyi qurumlardan biri Səhiyyə Nazirliyidir. Xüsusilə xəstəxanalarla bağlı hadisələr, tibbi səhvlər, ölüm faktları və digər həssas mövzularda məlumat almaq çətin olur. Bir çox hallarda cavablar gecikir və ya ümumiyyətlə təqdim edilmir. 

Elm və Təhsil Nazirliyi də media ilə -tez tənqid olunur. Məktəblərdə baş verən hadisələr, müəllimlərlə bağlı problemlər və təhsil müəssisələrindəki mübahisəli məsələlər zamanı jurnalistlərin operativ informasiya əldə etməsi hər zaman mümkün olmur. Yerli icra hakimiyyətləri isə media ilə işləmək baxımından ən çox tənqid edilən strukturlar sırasındadır. Bir çox rayon və şəhər icra hakimiyyətlərində mətbuat xidmətlərinin fəaliyyəti zəifdir. Jurnalist sorğularına cavab verilmir, telefonlara cavab almaq çətinləşir, bəzi hallarda isə ümumiyyətlə əlaqə qurmaq mümkün olmur. Oxşar problemlər bələdiyyələrdə də müşahidə edilir. Yerli problemlərlə bağlı məlumat almaq istəyən jurnalistlər əksər hallarda rəsmi mövqe əldə etməkdə çətinlik çəkirlər. Bundan başqa, jurnalistlərin tez-tez narazılıq etdiyi qurumlar sırasında bəzi dövlət xəstəxanaları, ayrı-ayrı kommunal xidmət qurumları, bəzi mənzil-kommunal istismar sahələri (JEK-lər) və bəzi yerli idarəetmə strukturları da göstərilir. Bu qurumlarda informasiya siyasətinin zəif qurulması xəbərlərin hazırlanmasını çətinləşdirir. Bəzi hallarda isə dövlət müəssisələrinin özündə peşəkar mətbuat katibinin olmaması və ya informasiya siyasətinin düzgün təşkil edilməməsi jurnalistlərlə münasibətlərə mənfi təsir göstərir.


Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, media cəmiyyətin obyektiv informasiya almaq hüququnun təmin edilməsində mühüm rol oynayır:

“Ona görə də media qurumlarının fəaliyyəti yalnız peşəkarlıq və etik prinsiplər əsasında deyil, həm də əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə qurulmalıdır. Jurnalistlərlə əmək münasibətlərinin şəffaf olması, əmək müqavilələrinin bağlanması, əməkhaqlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsi və təhlükəsiz əmək şəraitinin yaradılması media qurumlarının əsas məsuliyyətlərindən biridir. Jurnalistlərin əmək hüquqlarının qorunması onların peşə fəaliyyətinin keyfiyyətinə və müstəqilliyinə birbaşa təsir göstərir”.

Deputat deyib ki, buna görə də sosial təminatın gücləndirilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, ixtisasartırma proqramlarının təşkili və gənc jurnalistlərin dəstəklənməsi vacib istiqamətlərdəndir:

“Bununla yanaşı, əmək qanunvericiliyinin icrasına nəzarətin gücləndirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və media qurumlarının məsuliyyətinin artırılması da mühüm əhəmiyyət kəsb edir.

 Azərbaycanda son illər media sahəsində həyata keçirilən islahatlar bu istiqamətdə mühüm zəmin yaradıb. Qarşıdakı dövrdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də praktik mexanizmlərin gücləndirilməsi jurnalistlərin hüquqlarının daha etibarlı qorunmasına, media mühitinin sağlam inkişafına və cəmiyyətin keyfiyyətli informasiya ilə təmin olunmasına mühüm töhfə verəcək”.

Aysel Elnur

Paylaş:
Tam mətni oxu →