İsti hava psixologiyaya necə təsir edir? – Psixoloq xəbərdarlıq edir
Son günlər ölkədə müşahidə olunan yüksək İsti hava psixologiyaya necə təsir edir? – Psixoloq xəbərdarlıq edir
Bu barədə Ekologiya.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, yüksək hava temperaturu və qlobal istiləşmə insanların həm psixologiyasına, həm də fiziologiyasına ciddi təsir göstərir:
“Elmi araşdırmalar sübut edir ki, isti hava şəraiti insanların emosional vəziyyətində və sosial davranışlarında müxtəlif dəyişikliklərə səbəb ola bilər. Yüksək temperatur zamanı orqanizmdə su itkisi artır, yuxusuzluq yaranır, ürək döyüntüləri sürətlənir və günvurma hallarına daha çox rast gəlinir. Bu təsirlər xüsusilə xroniki xəstəliyi olan şəxslərdə, yaşlılarda və uşaqlarda daha qabarıq şəkildə özünü göstərir. Nəticədə insanlar səbəbsiz yerə əsəbiləşə, gərginlik hiss edə, stressə davamlılıqları azala bilər. İsti hava uzun müddət davam etdikdə isə bu hallar daha ciddi fəsadlara səbəb ola bilər. İsti iqlimdə doğulub böyüyən insanların orqanizmi həmin hava şəraitinə daha yaxşı uyğunlaşır. Lakin mülayim iqlimdə yaşayan bir şəxs daha isti ölkəyə səfər etdikdə orqanizm buna uyğunlaşmaqda çətinlik çəkə bilər. Bu zaman emosional vəziyyətdə və davranışlarda dəyişikliklər, əsəbilik, narahatlıq və yuxu pozuntuları müşahidə oluna bilər. Bu, orqanizmin yeni iqlim şəraitinə verdiyi təbii reaksiyadır”.
Psixoloq qeyd edib ki, bu amil idman sahəsində də nəzərə alınır:
“Beynəlxalq yarışlara hazırlaşan idmançılar bəzən yarış keçiriləcək ölkənin iqliminə uyğunlaşdırılmış temperatur şəraitində məşq edirlər. Məqsəd onların həmin hava şəraitinə əvvəlcədən uyğunlaşmasını təmin etmək və yarış zamanı daha yüksək nəticə əldə etməkdir. Çünki fərqli iqlim və temperatur idmançının performansına birbaşa təsir göstərir. İsti havalarda sağlamlığın qorunması üçün ilk növbədə yuxu rejiminə diqqət yetirilməlidir. İnsan orqanizminin normal fəaliyyəti üçün gündə 7-8 saat keyfiyyətli yuxu vacibdir və bu yuxunun gecə saatlarında alınması daha faydalıdır. Yay aylarında su qəbulu da artırılmalıdır. Normal şəraitdə gündə təxminən 2 litr su qəbul edilməsi tövsiyə olunsa da, isti havalarda bu miqdar insanın çəkisi və fiziki aktivliyindən asılı olaraq 2,5-3 litrə qədər artırıla bilər”.
Onun sözlərinə görə, saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq olmaz:
“Çünki bu saatlarda günəş şüalarının və ultrabənövşəyi radiasiyanın təsiri daha güclü olur, bu da günvurma və dəri yanıqları riskini artırır. Bundan əlavə, alkoqollu və yüksək kofein tərkibli içkilərin qəbulunu azaltmaq məsləhət görülür. Çünki bu içkilər ürək döyüntüsünü sürətləndirə, arterial təzyiqi yüksəldə və narahatlıq hissini artıra bilər.
Emosional gərginlik hiss olunduqda aqressiv davranmaq və səs tonunu yüksəltmək əvəzinə nəfəs gimnastikaları etmək daha faydalıdır. Yay aylarında imkan daxilində sərin mühitdə işləmək və istirahət etmək, gündəlik fəaliyyətləri isə isti hava şəraitinə uyğun planlaşdırmaq sağlamlığın qorunmasına kömək edir. Yayın isti günləri qısa müddət davam etsə belə, həmin dövrdə ehtiyat tədbirlərinə əməl edilməməsi həm fiziki, həm də psixoloji problemlərin yaranmasına səbəb ola bilər”.
Aysel Elnur