Qida tullantıları büdcəyə də, ekologiyaya da zərbə vurur – AÇIQLAMA
Dünyada hər il milyonlarla ton qida tullantıya çevrilir. Bu isə həm ailə büdcəsinə, həm də ətraf mühitə ciddi mənfi təsir göstərir. İsraf olunan ərzaqların istehsalı üçün sərf edilən su, enerji və digər resurslar da boşa gedir. Düzgün alış-veriş planlaması, qidaların doğru saxlanılması və istehlak vərdişlərinin dəyişdirilməsi ilə qida tullantılarının həcmini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Bu barədə qida eksperti Ağa Salamov Ekologiya.az-a açıqlamasında qeyd edib ki, ərzaq israfçılığı və qida tullantıları hazırda bəşəriyyətin qarşısında duran ən ciddi qlobal problemlərdən biridir:
Bir neçə gün ərzində istifadə edilməyən məhsullar xarab olur və tullantıya çevrilir. Bu isə həm ailə büdcəsinə zərər vurur, həm də üzvi tullantılar vasitəsilə karbon emissiyalarını artıraraq iqlimə və ətraf mühitə mənfi təsir göstərir. İnsanlar alış-veriş zamanı gündəlik və ya həftəlik ehtiyaclarını əsas götürməlidirlər. Keçmişdə mağazalarda məhsulların 100-200 qram kimi az miqdarda alınması adi hal idi. İndi isə bir çox insan az miqdarda məhsul almağa çəkinir, bunun kənardan xoş qarşılanmayacağını düşünür. Halbuki düzgün yanaşma məhz ehtiyac qədər məhsul almaqdır. Bu, yalnız kolbasa və pendir kimi çəki ilə satılan məhsullara deyil, bütün ərzaqlara aiddir. Əgər ailə ay ərzində müəyyən qədər ət, kartof və ya digər məhsullar istifadə edirsə, ondan artıq alış-veriş etmək sonradan israfa səbəb olur”.
Ekspert deyib ki, ərzaq tullantılarının əhəmiyyətli hissəsi məhz bişirilən yeməklər zamanı yaranır:
“Bir çox hallarda alınan məhsullardan deyil, hazırlanmış yeməklərdən daha çox tullantı əmələ gəlir. Burada qida təhlükəsizliyi biliklərinin, xüsusilə də HACCP sisteminin böyük əhəmiyyəti var. Bu biliklərə sahib olmayan şəxslər məhsulların saxlanma qaydalarını, düzgün bişirmə temperaturunu, porsiya planlamasını və istehsal prosesini bilmədikləri üçün israfçılığa yol verirlər. Məsələn, restoranlarda sifariş sayı düzgün hesablanmadıqda ehtiyacdan artıq yemək hazırlanır və nəticədə böyük həcmdə qida tullantısı yaranır. Restoranlarda peşəkar nəzarət gücləndirilməlidir. İctimai iaşə müəssisələrində də qida tullantılarının qarşısının alınması üçün peşəkar nəzarət vacibdir. Sahibkarlar mütəmadi olaraq restoranlarına qida təhlükəsizliyi üzrə mütəxəssislər dəvət etməli, müəssisədə məhsulların qəbulundan saxlanmasına, hazırlanmasından təqdimatına qədər bütün prosesləri yoxlatdırmalıdırlar. Belə nəzarət tullantıların azalmasına, maliyyə itkilərinin qarşısının alınmasına, ekoloji zərərin minimuma endirilməsinə, müəssisənin gəlirlərinin artmasına və reputasiyasının qorunmasına xidmət edir. Çünki saxlama qaydalarına əməl edilmədikdə məhsullar xarab olur, bəzi hallarda isə tullantıya atılmalı olan məhsullar müştəriyə təqdim edilir. Bu da həm insanların sağlamlığı üçün risk yaradır, həm də müəssisənin nüfuzuna ciddi zərbə vurur. Bir çox sahibkar baş aşpaza tam etibar etməyi kifayət hesab edir. Halbuki hər aşpaz qida təhlükəsizliyi standartlarını eyni səviyyədə bilmir. Peşəkar aşpaz məhsulun qəbulu, saxlanması, hazırlanması, bişirilməsi, soyudulması və yenidən qızdırılması kimi bütün mərhələləri qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirməli, həmçinin FIFO (First In, First Out – "birinci daxil olan, birinci istifadə olunur") prinsipinə əməl etməlidir.
Bu prinsip məhsulların köhnəlmədən vaxtında istifadəsinə və israfın qarşısının alınmasına kömək edir. HACCP sistemi də məhz qida təhlükəsizliyinin təmin olunması, risklərin idarə edilməsi və ərzaq tullantılarının minimuma endirilməsi baxımından müasir qida sektorunda əsas standartlardan biri hesab olunur”.
Aysel Elnur