Həkim: Bakının havası yox, diqqətsizlik insanı xəstələndirir
Son illər Bakı şəhərində havanın keyfiyyəti ilə bağlı narahatlıqlar daha da artıb. Xüsusilə nəqliyyat sıxlığı, tikinti tozu, sənaye tullantıları və yaşıllıq sahələrinin azalması havanın çirklənməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Atmosfer havasının keyfiyyətinin pisləşməsi tənəffüs sistemi xəstəlikləri, allergik reaksiyalar və ürək-damar problemlərinin artmasına təsir göstərə bilər. Bir çox sakin isə xüsusilə yay aylarında nəfəs darlığı, halsızlıq və allergik əlamətlərin daha çox hiss edildiyini qeyd edir. Dünya miqyasında aparılan araşdırmalar da hava çirkliliyinin insan sağlamlığı üçün ən ciddi ekoloji risklərdən biri olduğunu göstərir.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Ekologiya.az-a deyib ki, Bakının iqlimi dənizkənarı şəhər olması və küləkli hava şəraiti ilə xarakterizə olunur:
“İnsanı birbaşa xəstələndirən amil şəhərin havası deyil. Əsas risk faktorları daha çox insanların hava şəraitinə uyğun davranmaması, xüsusilə düzgün geyinməməsi və gündəlik həyat tərzində yol verdiyi səhvlərlə bağlıdır. Belə ki, mövsümə və temperatur dəyişikliklərinə uyğun olmayan geyim seçimi, bədənin soyuğa və ya kəskin küləyə məruz qalması müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə küləkli havalarda nazik geyinmək, tərlədikdən sonra soyuğa çıxmaq və ya uzun müddət açıq havada qalmaq immun sistemini zəiflədə bilər. Sırf Bakının havasının insanı xəstələndirdiyini demək düzgün yanaşma deyil. Çünki Bakı subtropik iqlim xüsusiyyətlərinə malik dənizkənarı şəhərlərdən biridir və dünyada oxşar iqlim şəraitinə malik çox sayda şəhər mövcuddur. Həmin bölgələrdə yaşayan insanlar da uyğun həyat tərzi ilə sağlamlıqlarını qoruyurlar”.
Həkim bildirib ki, bu baxımdan əsas məsələ hava şəraitinə adaptasiya olmaqdır:
“Hava proqnozunu nəzərə almağı, mövsümə uyğun geyinməyi, balanslı qidalanmağı və gün ərzində kifayət qədər maye qəbul etməyi unutmamalıyıq. Eyni zamanda yuxu rejiminin qorunması, fiziki aktivlik və immuniteti gücləndirən vərdişlər də sağlamlığın qorunmasında mühüm rol oynayır. Nəticə etibarilə, Bakının havasını xəstəlik səbəbi kimi göstərmək doğru olmaz. Daha çox diqqət edilməli məqam insanların öz sağlamlığına münasibəti, düzgün həyat tərzi seçimi və hava şəraitinə uyğun davranış formalaşdırmasıdır”.
Aysel Muxtar