Ekspertdən istehlakçılara çağırış: Ət məhsullarını yalnız soyuducu vitrindən alın
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart” marketlər şəbəkəsinin filiallarından birində qeydə alınan hadisə qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. İddialara görə, vətəndaş tanınmış “QoçƏt” brendinə məxsus kolbasa məhsulunu aldıqdan sonra qablaşdırmanı açarkən məhsuldan kəskin və dözülməz üfunət qoxusu gəldiyini hiss edib. Alıcı dərhal məhsulu geri qaytarıb və market əməkdaşlarının da məhsulun iylənmiş və istifadəyə yararsız vəziyyətdə olduğunu təsdiqlədiyi bildirilir. Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunaraq satış şəbəkələrində saxlanma şəraiti, son istifadə tarixinə nəzarət və istehlakçı hüquqlarının qorunması məsələlərini yenidən gündəmə gətirib.
Bu barədə qida eksperti Ağa Salamov Ekologiya.az-a açıqlamasında qeyd edib ki, istehlakçılar birinci özləri öz hüquqlarını bilməlidir və bunun üçün aldıqları məhsulun etiketinə, tarixinə baxmalıdırlar:
“Yəni məhsulun istifadə müddəti nə qədərdir, nə vaxta qədər yararlıdır. Əgər aldıqları məhsulun vaxtı keçibsə, o zaman onu istehlak etməməlidirlər. Çünki burada ciddi qida zəhərlənməsi ola bilər. Həmçinin aldıqları məhsulun rənginə və qoxusuna diqqət etməlidirlər. Bir də biz məsləhət görürük ki, ümumiyyətlə, hər hansı market olsun insanlar aldıqları ət məhsullarını, hisli məhsulları soyuducudan alsınlar. Soyuducudan kənarda saxlanan məhsulları almasınlar. Sözügedən mağaza şəbəkəsində satılan ət məhsulları da soyuducu vitrinlərdə təqdim olunur və müsbət 2–4 dərəcə temperaturda saxlanılır. Ona görə də burada bir məsələ qalır ki, nə üçün ət xarab olub? Sucuğun saxlanma müddəti uzundur. Bunu sucuk hazırlayanlar, sucuk texnologiyasını bilən insanlar da bilir. Sucuq elə bir məhsuldur ki, soyuducudan kənarda, havada quruyan məhsuldur. Amma adı çəkilən şirkətin, yəni Qoçətin sucuk istehsalında və qida zəncirində, şəxsən mən özüm bilirəm ki, orada qırılma ola bilməz. Nə üçün? Çünki məhsul hazırlandıqdan sonra xüsusi qurutma cihazlarında qurudulur, açıq havada yox, standartlara uyğun şəkildə. Ondan sonra daşınma zamanı soyuq qida zənciri qorunur”.
Ekspert qeyd edib ki, məhsul soyuq qida zəncirində daşınır və soyuducuda müştərilərə təqdim olunur:
“Bundan əlavə, çox vaxt müştərilər nəyə şikayət edirlər, mən bunun dəfələrlə şahidi olmuşam. Özüm ət sahəsində çox çalışdığıma görə başıma gələnləri deyim. Müştərilər şikayət edirlər ki, "Biz filan yerdən ət aldıq, apardıq evə, xanım bişirdi və ondan üfunət iyi gəlirdi, ət iylənmişdi". Amma baxırsan ki, elə bir şirkətin adını çəkirlər ki, o şirkət ölkədə nüfuzlu, tanınmış şirkətdir. Adamın ağlına sığmır. Sonra araşdıranda görürsən ki, istehlakçı əti alıb, qoyub maşının yük yerinə. Havada da 40 dərəcə isti olub. Gedib dənizə, yaxud başqa yerə istirahətə, axşam da gəlib evə. Əti verib xanıma, xanım da ya qoyub dondurucuya, ya da bişirib. Sonra görürlər ki, ətdən iy gəlir. Halbuki bu əti özü çirklənməyə məruz qoyub, sonra da deyir ki, filan yerdən ət almışam. Yəni bu bir dəfə, iki dəfə yox, dəfələrlə baş verən haldır. Çünki mən ət sahəsində çox işləmişəm. Məsələn, istehlakçı olur ki, toyuq sifariş verir, yanında da deyir soğan olsun. Deyirsən ki, soğan üstünə qoyulsa, kababın və ya ətin qoxusuna təsir edəcək. Yerində yeyəndə başqa məsələdir, amma evə sifariş verəndə, kuryer onu yarım saata çatdıracaqsa, fikirləşirsən ki, istidə həm soğan, həm də ət boğulacaq. İzah edirsən ki, gəlin burada yeyin. Amma sonra aparıb deyirlər ki, açdıq, üfunət iyi gəlirdi. Axı siz mühit temperaturunu nəzərə almırsınız, bunu bəzən yaddan çıxarırsınız. Sucuq da elədir. Məsələn, italyanların "blue cheese" pendiri var. Bu, hər adamın yeyəcəyi pendir deyil, qoxulu pendirdir. Yaxud kiflənmiş pendirlər satırlar, baxanda üfunət iyi gəlir, amma yeyirlər. Misirlilərin "Fesikh" adlı balığı var, onu da hər adam yeyə bilmir. Evə gətirəndə iy gəlir, amma bu, həmin məhsulun spesifik xüsusiyyətidir.
Sucuqda isə belə olmamalıdır. Mən demirəm ki, üfunət iyi olmalıdır. Sadəcə, sucuğun adi kolbasalardan fərqlənən özünəməxsus qoxusu və xüsusiyyəti var. Çünki bu məhsul qurumağa meyillidir, getdikcə quruyur. Eynən servelat kimi. Əgər istehlakçı onu vitrindən alıbsa və saxlanma müddəti hələ bitməyibsə, bir az diqqətli olmalıdır ki, harda səhv etmiş ola bilər. Yox, əgər vaxtı keçibsə və ya sucuq vitrində yox, vitrindən kənarda saxlanılıbsa, o zaman istehsalçı düşünməlidir ki, mən nə üçün bu cür məhsulları istehlakçılara satıram? Çalışdım burada ədalətli olum. Çünki başıma belə hallar çox gəlib. Alırlar, aparırlar, qoyurlar maşının arxasına, saatlarla günün altında saxlayırlar. Səhər işə gedəndə marketdən alırlar, qoyurlar maşında ki, axşam evə aparacaqlar. Məhsul da maşında qalır, mühit temperaturunda xarab olur. Axşam da deyirlər ki, filan yerdən aldığım məhsul iy verirdi. Mən düşünürəm ki, bu, ədalətli yanaşma deyil”.
Ekspert tövsiyə edib ki, istehsalçılar isti havalarda daha diqqətli olmalıdırlar:
“İstehsal etdikləri məhsullar mühit temperaturunda yox, standartlara uyğun şəraitdə hazırlanmalıdır. Məsələn, emal otağının temperaturu 17–18 dərəcə olmalıdır, maksimum 20 dərəcə. Emal prosesi də tez başa çatmalıdır. Məsələn, kolbasa ətlərinin hazırlanması, farş olunması və digər proseslər sərin otaqda aparılmalı və təxminən iki saat ərzində tamamlanmalıdır. Bundan sonra məhsul düzgün temperaturda bişirilməli, daha sonra qurudulmalı, hisə verilməli və sair mərhələlərdən keçməlidir. Sonra isə daşınma zamanı mütləq soyuq qida zənciri qorunmalıdır. Yəni burada həm istehsal prosesi, həm də soyuq zəncir düzgün təşkil edilməlidir. Satış nöqtələrində də məhsullar soyuducudan satılmalıdır. Bütün kolbasaları nəzərdə tutmuram. Məsələn, adı çəkilən şirkətin məhsullarını özüm də alıb istifadə edirəm. Sucuq da alıram, kolbasa da alıram, evə də əsasən oradan alıram. Mən belə hallarla rastlaşmamışam.
Bütün qohum-əqrəbaya da həmin məhsulları tövsiyə etmişəm. Südlü kolbasaları var, mən sizə də tövsiyə edirəm. Südlü sosiskaları da səhər yeməyində istifadə etmək olar. Yəni həqiqətən də burada qırılma həm soyuq zəncirdə, həm də isti zəncirdə baş verə bilər. İstehsalçılar buna xüsusi diqqət etməlidirlər ki, xüsusilə soyuq qida zəncirində heç bir qırılma olmasın”.
Aysel Elnur