Masazır bir həftədir qaranlığa qərq olub – Sakinlər "Azərişıq"dan operativ həll tələb edir
Masazır qəsəbəsində son günlər elektrik enerjisinin verilişində yaranan fasilələr sakinlərin ciddi narazılığına səbəb olub. Qəsəbənin Həsənağa Tağıyev, Qara Qarayev küçələri və ətraf ərazilərində artıq bir həftədir ki, axşam saatlarında mütəmadi elektrik kəsintiləri baş verir.
Sakinlərin Ekologiya.az-a verdiyi məlumata görə, elektrik enerjisinin əsasən günün qaranlıq saatlarında kəsilməsi yaşayış məntəqəsində ciddi çətinliklər yaradır. Sakinlər bildirirlər ki, qəsəbənin geniş hissəsi hər axşam qaranlığa qərq olur, bu isə həm məişət şəraitinə mənfi təsir göstərir, həm də təhlükəsizlik baxımından narahatlıq yaradır. Xüsusilə yaşlı insanlar, azyaşlı uşaqları olan ailələr və axşam saatlarında işdən qayıdan vətəndaşlar yaranmış vəziyyətin uzun müddətdir davam etməsindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, problemin bir həftəyə yaxındır aradan qaldırılmaması onların gündəlik həyatına mənfi təsir göstərməklə yanaşı, elektrik avadanlıqlarının işləməsində də çətinliklər yaradıb. Onlar aidiyyəti qurumlardan problemin operativ şəkildə həll olunmasını və elektrik təchizatının dayanıqlı şəkildə bərpa edilməsini xahiş edirlər.
Məsələ ilə bağlı Ekologiya.az-ın sorğusunu cavablandıran "Azərişıq" ASC isə bildirib ki, Masazır qəsəbəsində müşahidə olunan elektrik fasilələri qurumun daxili paylayıcı şəbəkəsində baş vermiş hər hansı nasazlıqla əlaqədar deyil.
"Problem yüksək gərginlikli ötürmə xətlərində baş vermiş texniki məsələdən qaynaqlanıb. Abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Azərişıq" tərəfindən bütün texniki imkanlar hazır vəziyyətdə saxlanılıb. Əsas ötürücü xətlərdəki problemin həlli və sistemin bərpası istiqamətində müvafiq işlərin yekunlaşması gözlənilir ki, əraziyə enerjinin verilişi tam təmin edilsin".
Aysel Elnur