Milli parklar və qoruqlar Azərbaycanın ekoturizm potensialının əsas dayağıdır – Ekspert
Azərbaycanın zəngin təbiəti, unikal landşaftları və nadir flora-faunası ölkənin ən qiymətli təbii sərvətlərindən hesab olunur. Bu sərvətlərin qorunması məqsədilə yaradılan milli parklar və dövlət təbiət qoruqları təkcə biomüxtəlifliyin mühafizəsinə xidmət etmir, eyni zamanda ekoturizmin inkişafı, ekoloji maarifləndirmə və təbiətə məsuliyyətli yanaşmanın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır. Son illərdə bu ərazilərə marağın artması nəticəsində həm yerli, həm də xarici turistlər Azərbaycanın təbii gözəlliklərini yaxından tanımaq imkanı əldə edirlər.
Abşeron, Ağgöl, Qızılağac, Şahdağ, Göygöl, Şirvan, Hirkan və Zəngəzur Milli Parkları özünəməxsus ekosistemləri, nadir bitki və heyvan növləri, füsunkar mənzərələri ilə seçilərək ölkənin ən çox ziyarət olunan təbiət məkanları sırasındadır. Bununla yanaşı, müxtəlif dövlət təbiət qoruqları da elmi tədqiqatların aparılması, nadir növlərin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində mühüm rol oynayır.
Turizm eksperti Əziz Şiriyev mövzu ilə bağlı Ekologiya.az-a açıqlamasında deyib ki,milli parklar ekoturizmin əsas istiqamətlərindən biridir və ekoloji baxımdan həm bizim milli sərvətimizdir:
“Ölkəmizə gələn turistlərə nümayiş etdirilə biləcək ən vacib məkanlar sırasındadır. Çünki burada təbiətimiz, fauna və floramız, yəni heyvanlar və bitkilər aləmi olduqca zəngindir. Bu təbii sərvətləri qorumaqla yanaşı, onların gözəlliklərini turistlərə göstərmək də vacibdir. Bu istiqamətdə ciddi işlər görülür. Çünki artıq yalnız ənənəvi turizm növlərinə deyil, alternativ turizm sahələrinin inkişafına daha çox diqqət yetirilməlidir. Bu gün dünya tendensiyası da məhz bu istiqamətdə inkişaf edir. Məsələn, səhiyyə turizmi hazırda dünyada ən önəmli sahələrdən biridir. COVID-19 pandemiyasından sonra insanlar sağlamlıqlarına daha çox diqqət ayırmağa başlayıblar. Digər istiqamətlər kənd turizmi, aqroturizm və ekoturizm də hazırda inkişaf mərhələsindədir və bu sahələr üzrə davamlı addımlar atılır”.
Ekspert bildirib ki, ölkəmizdə də bu istiqamətdə görülən işlər uğurlu nəticələr verəcək və həm dövlətimiz, həm də vətənimiz üçün faydalı olacaq:
“Milli parklara giriş qiymətləri də yüksək deyil. Eyni zamanda, ərazilərdə yaradılan infrastruktur qənaətbəxşdir və getdikcə daha da təkmilləşdirilir. Düşünürəm ki, gələcəkdə bu sahə daha da inkişaf edəcək və daha yaxşı nəticələr əldə olunacaq”.
Vasif Turan