EKOLOGİYA
Son illər iqlim dəyişikliyi və onun yaratdığı fəsadlardan dünya ölkələrinin əksəriyyəti müxtəlif formalarda əziyyət çəkir. Belə fəsadlardan biri də səhralaşma riskidir. BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasına (UNCCD) görə, hazırda dünyanın 100-dən çox ölkəsi səhralaşma riski ilə üz-üzədir. Hər il dünyada 12 milyon hektar məhsuldar torpaq səhralaşmaya uğrayır. Səhralaşmadan ən çox əziyyət çəkən ölkələr sırasına Keniya, Tanzaniya, Çin, Hindistan, İran, Qazaxıstan, Türkmənistan, İraq, Suriya və s. daxildir. Dünya əhalisinin təxminən 1 milyardı səhralaşmanın təsirlərinə birbaşa məruz qalır. Torpaq məhsuldarlığının azalması, əkin və otlaq sahələrinin yararsız hala düşməsi kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün risklər doğurur. Bununla yanaşı, kənd əhalisinin sosial rifahına, köç proseslərinə və regionların dayanıqlı inkişafına mənfi təsir göstərmə halları müşahidə edilə bilər. "Report" xatırladır ki, BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə “Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü” təsis olunub. Elə həmin ildə 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Azərbaycan bu konvensiyaya 1998-ci ildə qoşulub.Azərbaycan coğrafi baxımdan müxtəlif relyef və iqlim qurşaqlarına malik olsa da, quraqlıq və səhralaşma riski dünya ölkələrində olduğu kimi, burada da təhlükə olaraq qalır. İqlim dəyişmələri fonunda yağıntının azalması, temperaturun yüksəlməsi, meşə örtüyünün azalması və digər səbəblər bu prosesi daha da sürətləndirir.Azərbaycanda kənd təsərrüfatına yararlı nə qədər torpaq sahəsi var?Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların sahəsində son dörd ildə cüzi azalma qeydə alınıb.Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq verilən məlumata görə, 2020-ci ildə 4 780,1 min hektar olan bu torpaq sahələri 2023-cü ildə 4 779,6 min hektara enib.Əkin sahələri 2022-ci ildə 2 052,8 min hektar ilə maksimum həddə çatsa da, 2023-cü ildə bu rəqəm 2 037,4 min hektara düşüb. Otlaq sahələrində də oxşar tendensiya müşahidə olunub – 2020-ci ildə 2 314,2 min hektar olan otlaq sahələri 2023-cü ildə 2 305,5 min hektara qədər azalıb. Havaların quraq keçməsi, yoxsa insan fəaliyyətinin “töhfəsi”?Ekoloq Rövşən Abbasov "Report"a bildirib ki, səhralaşma və quraqlıq artıq ekoloji deyil, həm də sosial problemə çevrilib:“XX əsrin əvvəllərindən başlayaraq insanın təbiətə müdaxiləsi sürətlə artmağa başlayıb. İqlim dəyişmələri, digər tərəfdən şəhərləşmənin genişlənməsi təbii mühiti toxunulmamış ərazilərin getdikcə daralmasına səbəb oldu. Əksər ərazilərdə havanın temperaturunun pisləşməsi ilə paralel olaraq yağıntıların azalması bitki örtüyünü zəiflədir. Bu da bitkilərin və bitki örtüyünün yanğına həssas olmasına səbəb olur. Əvvəlki dövrlə müqayisədə indi otlaqlar, xüsusilə dağ otlaqları otarıldıqdan sonra həssaslaşıb. Çünki əvvəlki kimi torpaq da möhkəm deyil. Otarılma baş verən zaman səhralaşma başlayır”.Azərbaycanda da bu prosesin baş verdiyini bildirən ekoloq qeyd etdi ki, bir vaxtlar münbit otlaqları olan Qobustanda iqlim dəyişmələri, yağıntıların azalması səbəbindən bitki örtüyü sürətlə azaldı.O vurğuladı ki, iqlim dəyişmələri meşə yanğınlarının çoxalmasına da gətirib çıxarır:“Səhralaşmaya iqlim faktorlarından əlavə, insan faktoru kimi baxırıq. Həm havaların quraq keçməsi, həm də insan fəaliyyətinin “töhfəsi” olaraq səhralaşma baş verir. Əvvəllər münbit bitki örtüyü olan ərazilər quraqlıqlara doğru yol alır. Qobustan, Abşeron, Ceyrançöl, Naxçıvan kimi çöl ərazilərdə səhralaşmanın intensivliyi daha güclüdür”.R.Abbasov mövcud problemlər qarşısında görülən tədbirlərdən danışaraq söylədi ki, otlaqlarda xüsusi konservasiya tədbirləri həyata keçirilməlidir.“Dövri otarılma sxeminə keçirilməlidir. Sözügedən ərazilərdə yaşıllıq sahələri salınmalıdır. Çinin bu sahədə yaxşı təcrübəsi var. Quraqlığa dözümlü bitkilərin əkilməsi, irimiqyaslı ağacəkmə tədbirlərinin keçirilməsi, ağacların iqlim dəyişmələrinə dayanıqlı olmasına fikir verilməlidir. Bunlar səhralaşmanın qarşısını almağa kömək edə bilər”, - ekoloq vurğuladı.Azərbaycanın hansı bölgələri daha çox risk altındadır?Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov "Report"a açıqlamasında Azərbaycanın bəzi regionlarında səhralaşma riskinin aktual olaraq qaldığını və prosesin davam etdiyinə diqqət çəkdi:“Hazırda Azərbaycanın 70%-ə qədəri səhralaşma təhlükəsi ilə üz-üzədir. Naxçıvanda 1000-2000 metrə qədər olan hündürlüklərdə, Arazboyu düzənliklərdə səhralaşma riski var. Bundan başqa, Kiçik Qafqaz tərəfdə, azad olunmuş ərazilərdə, Həkəriçay dərəsində təxminən 1500 metr hündürlüyə qədər olan ərazilər, Qarabağ silsiləsinin cənub-şərq və şərq yamaclarında, alçaq dağlıq və orta dağlıq ərazilərdə kifayət qədər üstünlük müşahidə edilir. Kür-Araz ovalığı, Gəncə, Qazax düzü, Acınohur, Ceyrançöl, Böyük Qafqaz dağlarının Cənub Şərq hissələri, Abşeron yarımadası da ciddi səhralaşma təhlükəli bölgələrdir. Xəzərsahili düzənliklər də bu sıraya daxildir".