Azərbaycan “təmiz” enerjinin payının artırılması məqsədinə gözləniləndən tez nail ola bilər - Nazir
Azərbaycan “təmiz” enerjinin payının artırılması məqsədinə gözlənildiyindən tez nail ola bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda keçirilən panel müzakirəsi zamanı deyib.
"Azərbaycan qalıq yanacaqlardan istifadə etmək də daxil olmaqla, təmiz enerjiyə keçidə başlamaq üçün şüurlu seçim edib. Hesab edirəm ki, 2030-cu ilə qədər enerjiyə olan tələbatımızın 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etmək məqsədimizdən xeyli irəlidəyik. Təxminən 2028-ci ilə qədər buna nail ola biləcəyimizi düşünürük", - deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, qlobal dekarbonizasiya təşəbbüsünün uğuru çox vacibdir.
“Əvvəlki danışıqlardan, xüsusən də COP28-dən öyrəndiyimiz dərslərdən biri odur ki, təcridetmə faydasızdır”, - o əlavə edib.
Qeyd edək ki, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında xüsusi çəkisinin 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırılması Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulub.