RGEM-in rəsmisi: Ehtiyat su anbarları ildə azı bir dəfə təmizlənməli və dezinfeksiya edilməlidir
İçməli suyun keyfiyyətli və təhlükəsiz olması insanların sağlamlığı üçün çox vacibdir. Dövlət Sanitariya Nəzarəti Xidməti bu sahəyə xüsusi diqqət yetirir və mütəmadi olaraq, ölkənin şəhər və kəndlərindəki su anbarları, sutəmizləyici qurğular və su şəbəkələri yoxlanılır.
Ekologiya.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova bildirib.
O deyib ki, yoxlamalar zamanı suyun kimyəvi, bakterioloji və digər göstəricilərinin laboratoriyalarda müayinəsi aparılır: “Əgər müayinənin nəticələri göstərirsə ki, su standartlara cavab vermir, o zaman tərəfimizdən aidiyyəti cavabdeh qurumlar bu barədə rəsmi şəkildə məlumatlandırılır və təkliflər verilir. Eyni zamanda, ehtiyat su anbarları ildə azı bir dəfə təmizlənməli və dezinfeksiya edilməlidir. Ancaq bəzi Mənzil Tikinti Kooperativləri (MTK) bu tələblərə riayət etmədiyinə görə, orada toplanan suyun keyfiyyəti ilə bağlı vətəndaşların narazılıqları barədə müraciətlər daxil olur. Bildirmək istəyirik ki, MTK sahibkarlıq subyektləri olduqlarından həmin ünvanlarda müayinələrin aparılması müvafiq qanunun tələblərinə uyğun həyata keçirilə bilər”.
Samirə Nəcəfova diqqətə çatdırıb ki, çox zaman köhnə binaların zirzəmilərində toplanan su ilə bağlı şikayətlər daxil olur: “Bu hallarda laborator müayinələr aparılaraq, həmin suyun mənşəyi müəyyənləşdirilir və problemin aradan qaldırılması üçün aidiyyəti üzrə cavabdeh qurumlara təkliflər verir. RGEM tərəfindən müəssisələrdə aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, inzibati xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq, inzibati tənbeh tədbirləri, yəni cərimə protokolu tərtib edilə bilər”.
O əlavə edib ki, epidemiyanın qarşısının alınması və sanitariya-gigiyena rejimi üçün görülən tədbirlərə əməl olunmaması ilə bağlı İXM-in 211-ci, tibb və təhsil müəssisələrində sanitariya-gigiyena rejiminin pozulmasına görə 216-cı, gözəllik salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz qaydalarının pozulması ilə bağlı 218-ci, içməli suyun keyfiyyətinin standartlara uyğun olmamasına görə 265-ci, ictimai yerlərdə tütün üçün yerlərin düzgün təşkil olunmaması ilə bağlı isə 212-ci maddəsi üzrə inzibati tədbirlər görülür.