Qızılağac körfəzi və Ağgöl əraziləri qışlamaya gələn və miqrasiya edən quşlar üçün ciddi əhəmiyyət kəsb edir
Əvvəllər su-bataqlıq ərazilərinin biomüxtəliflik əhəmiyyətinə diqqət verilmirdi. Adətən bu cür əraziləri qurudub kənd təsərrüfatı ərazilərinə, insan məskənlərinə qatırdılar. Sovetlər dövründə malyariya ilə mübarizə məqsədilə həmin əraziləri daha çox qurutdular. Sonra məlum oldu ki, su-bataqlıq əraziləri biomüxtəliflik cəhətdən çox zəngindir. Burada balıqlar, suda-quruda yaşayanlar, bir çox quş növü və bir sıra məməlilər özünə məskən salır, yuva qurur və kürü tökürlər. Su-bataqlıq əraziləri həm də suyun filtrasiya edildiyi və təmizləndiyi yerdir.
Bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.
1997-ci ildə İranın Ramsar şəhərində su-bataqlıq ərazilərinə dair Konvensiya imzalandığını diqqətə çatdıran E.Əsgərov bildirib: “Konvensiyanı imzalamış tərəflər öz ölkələrində belə əraziləri qorumaq üçün öhdəliklər götürüblər. Azərbaycanda bu cür əhəmiyyət daşıyan iki ərazi həmin siyahıya daxil edilib. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır. Qızılağac körfəzi və Ağgöl əraziləri qışlamaya gələn və miqrasiya edən quşlar üçün ciddi əhəmiyyət kəsb edir. Burada bir çox quş növü yuva qurub bala böyüdür. Ölkəmiz köçəri quşların köç yolunun üstündə yerləşdiyi üçün onların mühafizəsi üzərimizə məsuliyyət qoyur. Azərbaycan xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini genişləndirməklə həmin məsuliyyətin öhdəsindən gəlmək üçün ciddi səylər göstərir.