Çimərliklərdən dağlara qədər ekoloji təhlükə: Yay istirahəti təbiətə necə təsir edir?
Yay mövsümünün başlaması ilə insanlar istirahət üçün daha çox çimərliklərə və dəniz sahillərinə üz tuturlar. Lakin istirahət mövsümündə sahillərdə yaranan məişət tullantıları, plastik çirklənməsi və ekoloji qaydalara əməl olunmaması dəniz ekosisteminə ciddi təsir göstərə bilər. Dənizlərin qorunması həm ətraf mühitin, həm də insan sağlamlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Yay mövsümündə dəniz və çimərliklərdə ekoloji vəziyyətin qorunması üçün hansı qaydalara əməl edilməlidir?
Məsələ ilə bağlı Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov Ekologiya.az-a açıqlama verib.
Onun sözlərinə görə, yay mövsümü təkcə istirahət deyil, eyni zamanda ətraf mühitə insan təzyiqinin artdığı bir dövrdür:
“Bu mövsümdə insanlar təbiət qoynuna üz tutur, yalnız çimərliklərə deyil, həmçinin dağlıq ərazilərə, bulaq başlarına və digər cazibədar məkanlara gedərək müəyyən müddət istirahət edir, pikniklər təşkil edirlər. Bu zaman ətraf mühitin çirklənməsi halları da artır və bunun əsas səbəbi, təəssüf ki, elə istirahət edən insanların özləridir. Çünki bu ərazilərin əksəriyyəti nəzarətdən kənarda olur. Hətta çimərliklərdə belə insan axınını tam tənzimləmək və yaranan tullantıları vaxtında toplamaq həmişə mümkün olmur. Bu baxımdan vətəndaş məsuliyyətinin əhəmiyyəti daha da artır. İnsanlar dəniz kənarına və ya təbiətə gedərkən özləri ilə mümkün qədər az potensial tullantı aparmalıdırlar. Potensial tullantı dedikdə plastik qablarda su və qida məhsulları, plastik çəngəl, boşqab və digər birdəfəlik istifadə olunan əşyalar nəzərdə tutulur. Eyni zamanda, yemək elə planlaşdırılmalıdır ki, artıq qalıqlar təbiətdə qalmasın”.
O qeyd edib ki, plastik torbalar əvəzinə dəfələrlə istifadə edilə bilən kətan torbalardan yararlanmaq olar:
“Birdəfəlik qablar əvəzinə təkrar istifadə olunan qablara üstünlük vermək mümkündür. Plastik su butulkaları əvəzinə iri qablarla su aparıb, şəxsi qabları dolduraraq istifadə etmək daha məqsədəuyğundur. Əlbəttə, tamamilə tullantısız istirahət hər zaman mümkün olmaya bilər. Lakin qalan tullantılar mütləq şəkildə toplanmalı və ərazidən uzaqlaşdırılmalıdır. Burada vacib bir sual yaranır ki, insanlar həmin məkanlara niyə gedirlər? Cavab isə sadədir, ora gözəl olduğu üçün və orada istirahət etmək üçün. Lakin bu, heç kimə həmin yeri çirkləndirmək haqqı vermir. Əgər bir məkanı çirkləndirirsinizsə, o yer əvvəlki gözəlliyini itirəcək. Nəticədə nə başqaları, nə də siz gələcəkdə oradan eyni zövqlə istifadə edə biləcəksiniz. Hər gələn insan cəmi bir plastik butulka atsa, qısa müddətdə orada böyük həcmdə tullantı yaranar. Bu zaman insanlar istirahət üçün yeni yerlər axtarmağa məcbur qalarlar. Bu baxımdan insan məsuliyyəti əsas və ən vacib şərtdir. Bəzi ərazilərdə bələdiyyələr tullantı qabları yerləşdirir, istirahət mərkəzləri təmizlik üçün şərait yaratmağa çalışırlar. Amma yenə də əsas məsuliyyət insanın öz üzərinə düşür. Təmizlik sizin öz əlinizdədir. Bir yerə necə getmisinizsə, oranı necə görmüsünüzsə, həmin məkanı özünüzdən sonra da elə həmin vəziyyətdə qoyub getməlisiniz”.
Aysel Muxtar