Ekspert və həkimdən duzlu göl və palçıq vannaları ilə bağlı vacib açıqlama
Yay aylarının gəlişi ilə Bakıdakı "Duzlu göl"ə və müalicəvi palçıq vannalarına üz tutan sakinlərin sayı kəskin şəkildə artır. İsti havalarda şəfa tapmaq və şəhər səs-küyündən uzaqlaşmaq istəyən yüzlərlə insan Suraxanı rayonu ərazisindəki bu təbii su hövzəsinə axın edir. Əraziyə gələnlərin böyük əksəriyyəti gölün duzlu suyunun və palçığının revmatizm, oynaq və müxtəlif xroniki ağrıları azaltdığına inanır. Sakinlər arasında onilliklərdir bura gələn və palçıq sayəsində kəskin ağrılardan xilas olduğunu deyən şəxslər kifayət qədərdir. Lakin bu kütləvi axın fonunda mütəxəssislər, xüsusilə də həkimlər və ekoloqlar ciddi xəbərdarlıqlar edirlər.
"Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli və həkim-terapevt Günay Lətifova bu barədə Ekologiya.az-a açıqlama verib.
Ekoloqun sözlərinə görə, duzlu göllərə, palçıq vanalara insanlar uzun illərdir, bəlkə də yüzilliklərdir üz tuturlar:
“Orada insanların şəfa tapıb-tapmadığını və ya həmin müalicələrin nə dərəcədə effektiv olduğunu dəqiq deyə bilmərəm. Lakin hər halda həmin suların və palçığın tərkibində müəyyən müalicəvi xüsusiyyətlərə malik komponentlərin olduğu ehtimal edilir. Bununla belə, bütün bunlar tibbi baxımdan elmi şəkildə araşdırılmalıdır. Bu məsələnin araşdırılması Sanitariya-Gigiyena Xidməti və Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Vətəndaşların sağlamlığına cavabdeh olan əsas qurum Səhiyyə Nazirliyidir. İlk növbədə onlar araşdırmalar aparmalı və əldə olunan nəticələri ictimaiyyətə çatdırmalıdırlar. Digər tərəfdən, əgər belə yerlərə insanların axını varsa, mütləq müvafiq şərait yaradılmalıdır. İstər icra hakimiyyətləri, istər bələdiyyələr, istərsə də ərazi özəl mülkiyyətdədirsə, onun sahibi insanların sağlamlığına zərər verməyəcək şərait yaratmalıdır. Bundan sonra insanlar ödənişli və ya ödənişsiz şəkildə həmin ərazilərdən istifadə edə bilərlər”.
Q.İbarimli bunun ekologiyaya təsir məsələsinə də toxunub:
“Ətraf mühitə ən böyük zərəri yenə də insanlar verir. Təbii ki, hər hansı canlıya, həşərata zərər yetirilirsə, bu da ekosistem baxımından mənfi təsirdir. Amma ümumilikdə insanların həmin ərazilərə getməsinin ekologiyaya ciddi zərəri yoxdur. Əsas şərt odur ki, ərazi çirkləndirilməsin, təmizlik qorunsun və sanitar-gigiyenik normalara əməl olunsun.
Bu qaydalara riayət edilərsə, belə məkanlardan normal şəkildə istifadə etmək mümkündür. Sağlamlığa faydası və ya zərəri barədə isə yalnız Səhiyyə Nazirliyi elmi əsaslara söykənən rəy verə bilər. Vətəndaşların sağlamlığını müxtəlif şayiələrə etibar edərək riskə atmaq olmaz. "Haradasa bir palçıq var, gedək onu bədənimizə çəkək və sağalaq" kimi yanaşmalar düzgün deyil. Artıq XXI əsrdə yaşayırıq və insanlar elmi cəhətdən araşdırılmış, təhlükəsizliyi təsdiqlənmiş müalicə üsullarına üstünlük verməlidirlər. Rusiyanın Yessentuki şəhərində, Ukraynanın Truskavets şəhərində, Çexiyada və dünyanın bir çox ölkəsində insanlar müalicəvi palçıq və mineral sulardan istifadə etmək üçün bu kurortlara gedirlər. Şimali Qafqazda da belə müalicəvi palçıq məkanları çoxdur. Azərbaycanda da palçıq vulkanları mövcuddur. Lakin onların müalicəvi xüsusiyyətləri və faydaları da kifayət qədər geniş şəkildə araşdırılmayıb. Bu baxımdan Səhiyyə Nazirliyi bu məsələ ilə yaxından məşğul olmalı, elmi araşdırmalar aparmalı və nəticələr barədə ictimaiyyəti ətraflı məlumatlandırmalıdır”.
Bu məsələ ilə bağlı həkim-terapevt Günay Lətifova Ekologiya.az-a bildirib ki, duzlu göllər, təbii palçıq vannaları, eləcə də Naftalanda və digər kurort məkanlarında tətbiq olunan bu cür prosedurların həm müsbət, həm də mənfi tərəfləri var:
“Mənfi tərəflərindən danışsaq, ilk növbədə ekoloji və gigiyenik tələblərə ciddi şəkildə əməl olunmalıdır. Bu prosedurların həyata keçirildiyi məkanların təmizliyi və steril şəraiti xüsusi əhəmiyyət daşıyır. Açıq yarası olan, xroniki dəri xəstəliklərindən əziyyət çəkən insanların, hətta müəyyən hallarda bu prosedurların faydalı hesab olunmasına baxmayaraq, onlardan istifadə etməsi tövsiyə edilmir. Eyni zamanda, ürək-damar sistemi xəstəlikləri olan şəxslərin də isti vannalara və oxşar prosedurlara qatılması risklidir. Biz hər zaman tövsiyə edirik ki, insanlar bu cür prosedurlara üz tutmazdan əvvəl mütləq həkim müayinəsindən keçsin, ümumi sağlamlıq vəziyyətini yoxlatdırsın və həkimlə məsləhətləşsinlər. Əgər həkim həmin prosedurun onlar üçün uyğun olduğunu müəyyən edərsə, ondan sonra istifadə edə bilərlər. Yox, sadəcə "bir yerim ağrıyır, kimsə məsləhət gördü, mən də getdim" yanaşması düzgün deyil”.
Terapevt əlavə edib ki, bu prosedurlar əsasən psixoloji rahatlama, orqanizmin dincəlməsi və ümumi rifahın yaxşılaşdırılması məqsədilə istifadə olunur:
“Əgər insanın sağlamlıq baxımından hər hansı əks göstərişi yoxdursa və həkim də bunu məsləhət görürsə, uyğun şəraitdə bu prosedurlardan yararlana bilər. Lakin bu xidmətlər mütləq steril, gigiyenik normalara cavab verən müəssisələrdə həyata keçirilməlidir. Əks halda, belə yerlərə getmək tövsiyə olunmur. Düzgün müalicə və sağlam həyat tərzi ilk növbədə düzgün diaqnozdan başlayır. Diaqnozu insan özü deyil, həkim qoymalıdır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Hətta ən kiçik salon belə gigiyenik qaydalara əməl etmədiyi təqdirdə insan sağlamlığı üçün ciddi risk yarada bilər. Təəssüf ki, bu gün müxtəlif infeksiyaların və digər sağlamlıq problemlərinin məhz steril olmayan xidmət məkanlarından qaynaqlandığını görürük. Ona görə də insanlara davamlı olaraq eyni tövsiyəni veririk: getdiyiniz müəssisənin gigiyenik və steril şəraitinə diqqət edin. Sağlamlıq zarafat mövzusu deyil”.
Aysel Elnur