Ekspert: "Ekoturizm təbiətin qorunmasına və turizmin inkişafına töhfə verir"
Azərbaycanın zəngin təbii ehtiyatları, milli parkları, dağlıq əraziləri və kənd turizmi potensialı ekoturizmin inkişafı üçün geniş imkanlar yaradır. Son illər təbiətə əsaslanan səyahətlərə marağın artması bu sahənin iqtisadi əhəmiyyətini daha da ön plana çıxarıb. Ekoturizmin inkişafı təkcə turist sayının artmasına deyil, həm də bölgələrdə yeni iş yerlərinin yaradılmasına, yerli əhalinin gəlirlərinin yüksəlməsinə və kiçik sahibkarlığın genişlənməsinə töhfə verə bilər. Bununla yanaşı, ekoturizmdən əldə olunan gəlirlərin davamlı olması üçün infrastrukturun gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması və təbii sərvətlərin qorunması əsas şərtlərdən hesab olunur.
Turizm eksperti Əziz Şiriyev mövzu ilə bağlı Ekologiya.az-a açıqlamasında deyib ki, ekoturizm ölkəmiz üçün olduqca mühüm sahədir:
“Bu istiqamət təkcə iqtisadi gəlir baxımından deyil, həm də təbiətimizin qorunması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Ekoturizmin faydasına yalnız maddi qazanc prizmasından yanaşmaq düzgün olmaz. Elə mənəvi və təbii dəyərlər var ki, onları itirdikdən sonra bərpa etmək mümkün olmur. Qırmızı Kitaba daxil edilmiş ağac növləri, eləcə də zəngin fauna və floramız qorunmalıdır ki, gələcək nəsillər də bu sərvətləri görə və onlardan faydalana bilsinlər. Bu baxımdan milli parklarımızın və yasaqlıqlarımızın rolu xüsusilə önəmlidir. Milli parklara səfər edən turistlər müəyyən edilmiş qaydalara və mühafizə tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Kamp turizmi inkişaf etdirilərkən də düşərgələr yalnız uyğun və təhlükəsiz ərazilərdə qurulmalıdır. Bu, xarici turistlərin ölkəmizə cəlb olunmasına da müsbət təsir göstərə bilər. Dünyada təbiət qoynunda istirahət etməyi sevən insanların sayı kifayət qədər çoxdur”.
Ekspert qeyd edib ki, bu gün qlampinq və kamp turizminə maraq sürətlə artır:
“Lakin belə məkanlar təhlükəsiz olmalı, su mənbələrinə yaxın yerləşməli, vəhşi heyvanlardan qorunan ərazilərdə salınmalı və zəruri infrastrukturla təmin edilməlidir. Çadırlar, digər avadanlıqlar, sanitar qovşaqları və təhlükəsizlik tədbirləri tam şəkildə təşkil olunmalıdır. Xüsusilə ocaq qalayarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir ki, hər hansı xoşagəlməz hadisə baş verməsin. Turistlərin təhlükəsiz və rahat istirahəti əsas prioritet olmalıdır. Ekoturizmə diqqət dünya miqyasında getdikcə artır. Çünki təbiətin və ekologiyanın qorunması artıq qlobal prioritetlərdən biridir. Bu istiqamətdə beynəlxalq tədbirlər keçirilir və əsas məqsəd təbii sərvətləri qoruyaraq gələcək nəsillərə daha sağlam həyat mühiti miras qoymaqdır. Turist üçün ən vacib amil ilk növbədə təhlükəsizlikdir. Bundan sonra isə gözəl təbiət mənzərələri və sakit istirahət mühiti gəlir. Müasir dövrdə insanlar şəhərlərin səs-küyündən, tüstüsündən və gərgin həyat tempindən uzaqlaşaraq daha çox regionlara, təbiət qoynuna üz tuturlar. Məhz bu səbəbdən Azərbaycanın zəngin təbii potensialı Avropa, Amerika, Avstraliya, Yaponiya və digər Asiya ölkələrindən gələn turistlər üçün də cəlbedici istiqamətlərdən birinə çevrilə bilər”.
Aysel Muxtar