Qum və toz fırtınaları Azərbaycana necə təsir edir? – Ekspertdən vacib açıqlamalar
Son aylarda Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan güclü küləklər, toz fırtınaları və havada tozun sıxlığının artması həm əhalinin gündəlik həyatına, həm də sağlamlığına təsir göstərir. Bu cür hadisələrin tezliyi və intensivliyi iqlim dəyişiklikləri, quraqlığın dərinləşməsi, torpaq örtüyünün deqradasiyası və regional atmosfer prosesləri ilə əlaqəli ola bilər. Bəs Azərbaycanda külək və toz fırtınalarının daha tez-tez baş verməsinin əsas səbəbləri hansılardır və gələcəkdə bu tendensiyanın davam etməsi gözlənilirmi?
“Buna ingilis dilində "DSD" deyirlər. Məsələ BMT səviyyəsində də son dərəcə aktual hesab olunur. Qum və toz fırtınaları birbaşa ətraf mühitə, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və insanın yaşam keyfiyyətinə təsir göstərən ekoloji problemlərdəndir. Onlar qısa müddət ərzində insanların sağlamlığını və həyat keyfiyyətini aşağı sala biləcək ciddi risk yaradır. Azərbaycan həm Orta Asiya, həm də Yaxın Şərq istiqamətindən səhralaşma prosesinin sərhədində yerləşir. Təəssüf ki, səhralar hər iki istiqamətdən Azərbaycan ərazisinə doğru genişlənmə meyli göstərir. Xüsusilə Abşeron yarımadası, Kür-Araz ovalığı və Xəzərsahili ərazilər qum və toz fırtınalarına daha intensiv və tez-tez məruz qalır. Söhbət güclü atmosfer cəbhələrinin təsiri nəticəsində qum fırtınalarının formalaşmasından və qum kütlələrinin həm Orta Asiyadan qərbə, həm də Yaxın Şərqdən şimala doğru daşınmasından gedir”.
Ekoloq qeyd edib ki, bu zaman torpaqlarda şoranlaşma artır, torpağın keyfiyyəti pisləşir, kənd təsərrüfatı bitkilərinə zərər dəyir, eyni zamanda təbii biomüxtəlifliyin yaşayış arealları daralır və öz keyfiyyətini itirir:
“Bu yaxın günlərdə, iyulun 12-də Qum və Toz Fırtınaları ilə Beynəlxalq Mübarizə Günü qeyd olunub. Burada əsas diqqət ilkin məlumatlandırmaya, ölkələr arasında əməkdaşlığa, su resurslarının düzgün idarə olunmasına və bununla da qum və toz fırtınalarının qarşısının alınması istiqamətində işlərin təşkilinə yönəldilməlidir. Qum və toz fırtınaları atmosferdə asılı hissəciklərin miqdarını artıraraq insanların sağlamlığına, xüsusilə də tənəffüs sisteminə və ümumilikdə yaşam keyfiyyətinə ciddi mənfi təsir göstərir. Qum və toz fırtınaları ilə mübarizə metodları əsasən yaşıllıqların artırılması, həmişəyaşıl meşə əkinlərinin sayının çoxaldılması, ərazisinin genişləndirilməsi, ağaclandırma, yəni küləkqırıcı meşə zolaqlarının salınmasıdır. Bakı-Abşeron yarımadasında resursunu itirmiş, atılmış və rekultivasiya olunmadan, yəni reabilitasiya olunaraq təkrar təsərrüfat dövriyyəsinə qaytarılmadan tərk edilmiş karyerlərin mövcudluğu ciddi problemdir. Həmin karyerlərdə qum-daş istehsalı ilə bağlı çoxlu miqdarda toz qalır və fırtınalar zamanı həmin toz yaxınlıqdakı Bakı şəhərinə güclü təsir göstərir. Ancaq müsbət tendensiya da var”.
Biomüxtəliflik üzrə ekspertin sözlərinə görə, Bakı-Abşeron yarımadasında son dövrlərdə aqrobağların, əsasən zeytun və badam əkinlərinin sayı artıb:
“Məsələn, "Grand-Agro" şirkəti tərəfindən 57 belə atılmış karyer rekultivasiya olunaraq yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Bunun nəticəsində həmin ərazilərdə olan toz və atmosferdəki asılı maddələrin cüzi külək zamanı belə Bakı şəhərinə daşınmasının qarşısı ciddi şəkildə alınıb.
Belə ki, təkcə bu şirkət 4500 hektar ərazidə bağ salıb. Bundan əlavə, bir neçə digər şirkət də fəaliyyət göstərir və ümumilikdə 6000 hektardan çox ərazidə zeytun və badam bağları salınıb. Bu da qum və toz fırtınaları ilə mübarizədə effektiv vasitələrdən biridir. İranın bizə yaratmaq istədiyi problem, yəni Urmiya gölünün quruması nəticəsində gölün yerində qalacaq toz və qum qalıqlarının küləklər vasitəsilə təxminən 1 milyon hektar əraziyə yayılması idi. Həmin toz kütlələri Qarabağ və Naxçıvan istiqamətinə daxil olaraq zamanla kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyətini pisləşdirə və əhalinin məcburi miqrasiyasına səbəb ola bilərdi. Yaxşı ki, bu ildən Urmiya gölündə su ehtiyatları yenidən bərpa olunmağa başlayıb. Su resurslarının qorunması qum və toz fırtınaları ilə mübarizədə çox vacib elementdir”.
Aysel Elnur