Tam versiya
Ana səhifə EKOLOGİYA Azərbaycan iqlim dəyişikliklərinə qarşı sistemli hazırlıq mərhələsindədir – Deputat Ceyhun Məmmədov
EKOLOGİYA

Azərbaycan iqlim dəyişikliklərinə qarşı sistemli hazırlıq mərhələsindədir – Deputat Ceyhun Məmmədov


Son illər müşahidə olunan qlobal iqlim dəyişiklikləri və regional ekoloji böhranlar fonunda Azərbaycanın dövlət siyasətində köklü islahatların aparılması artıq seçim deyil, obyektiv bir zərurətdir. Xüsusilə anomal istilər, sel və daşqınların intensivləşməsi, çayların quruması və Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ölkənin iqtisadi və ekoloji təhlükəsizliyini birbaşa təhdid edir. Bu çağırışlar fonunda Azərbaycanın ekoloji siyasətində bəzi istiqamətlərdə dəyişikliklərin edilməsi qaçılmaz görünür.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ekologiya.az-a açıqlamasında deyib ki, bu gün dünyada baş verən prosesləri təhlil etdikdə ekoloji problemlərin getdikcə daha da artdığının şahidi oluruq:

“İqlim dəyişikliklərinin təsirləri artıq açıq şəkildə müşahidə edilir və bu proses qlobal miqyasda ciddi narahatlıq doğurur. Bu baxımdan Azərbaycan da mühüm çağırışlarla üz-üzədir və mövcud vəziyyət zəruri, məqsədyönlü addımların atılmasını tələb edir. Bu gün ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və su ehtiyatlarının qorunması dünyanın əsas prioritet məsələlərinə çevrilib. Xüsusilə su qıtlığı problemi getdikcə daha qabarıq şəkildə özünü göstərir və bir çox ölkələr üçün strateji risk amilinə çevrilir.


 Bütün bunları nəzərə alan Azərbaycan ekoloji və iqlim siyasəti sahəsində mühüm işlər həyata keçirir, əhəmiyyətli uğurlara imza atır. COP29-un ölkəmizdə keçirilməsi, struktur islahatlarının aparılması, iqlim məsələləri üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi, eləcə də bu istiqamətdə müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir”.

Deputat bildirib ki, bu addımların əsas məqsədi ölkəni gələcək çağırışlara hazırlamaqdır:

“Azərbaycan yeni su-elektrik stansiyalarının tikintisini davam etdirir, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirir, bu sahədə genişmiqyaslı layihələr həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcəklə bağlı konkret strateji planları mövcuddur və həmin planların reallaşdırılması istiqamətində ardıcıl, sistemli və məqsədyönlü tədbirlər görülür. Bu yanaşma həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də ölkənin dayanıqlı inkişaf hədəflərinə nail olunmasına xidmət edir”.

Aysel Elnur

Paylaş:
Tam mətni oxu →