Alim: Bitkinin yeni növ kimi tanınması üçün beynəlxalq elmi təsdiq mütləqdir
Naxçıvan Muxtar Respublikasında aparılan növbəti elmi tədqiqatlar ölkənin biomüxtəlifliyi ilə bağlı mühüm nəticə ortaya qoyub. Şahbuz rayonunun Batabat yaylasında həyata keçirilən flora araşdırmaları zamanı Azərbaycan florası üçün indiyədək qeydə alınmamış iki yeni bitki növü aşkarlanıb.
Bu cür tapıntılar ölkənin bitki örtüyünün daha dərindən öyrənilməsi, nadir növlərin qorunması və gələcək elmi araşdırmalar baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Ekologiya.az-a açıqlama verib.
O qeyd edib ki, hələ onların hansı bitkiləri aşkarladıqları dəqiq bilinmir:
“Bu bitkilərin həqiqətən də Azərbaycan florası üçün yeni olub-olmadığını indiki mərhələdə qəti şəkildə söyləmək mümkün deyil. Mən də bu barədə yayılan məlumatı oxumuşam. Bildirilir ki, türk alimləri həmin bitkilərin Azərbaycanda indiyədək qeydə alınmadığını müəyyən ediblər və onların molekulyar analizlərinin aparılması üçün nümunələr üzərində tədqiqatlar həyata keçirilir. Lakin elmdə hər hansı bitkinin yeni növ və ya müəyyən bir ölkənin florası üçün yeni qeyd kimi qəbul olunmasının konkret prosedurları var. Bunun üçün təkcə ilkin müşahidə kifayət etmir. Aparılan tədqiqatların nəticələri beynəlxalq standartlara uyğun şəkildə hazırlanmalı, nüfuzlu və indeksləşdirilmiş elmi jurnalda məqalə kimi dərc edilməlidir”.
O deyib ki, bundan sonra həmin nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən qiymətləndirilməli və botanik nomenklatura qaydalarına uyğun olaraq qəbul edilməlidir:
“Yalnız bu mərhələlər tamamlandıqdan sonra həmin bitkinin həqiqətən yeni növ olduğu və ya Azərbaycan florası üçün ilk dəfə qeydə alındığı barədə elmi əsaslarla danışmaq mümkündür. Hazırda isə yayılan məlumatlar ilkin xarakter daşıyır. Buna görə də indiki mərhələdə qəti nəticə çıxarmaq düzgün olmaz. Rəsmi elmi təsdiq olmadan bu cür məlumatlara ehtiyatla yanaşmaq lazımdır”.
Aysel Elnur