Dünya Bankı iqlim maliyyələşdirməsini xeyli artırır
Dünya Bankı Qrupu (DBQ) bəyan edib ki, 2024-2025-ci illərdə illik maliyyə vəsaitinin təqribən 45 faizini iqlim layihələrinə ayıracaq.
Ekologiya.az Dünya Bankının saytına istinadla xəbər verir ki, bu nəhəng maliyyə qurumu iqlimlə bağlı layihələrə xərclədiyi illik məbləği 2024-cü ildən 2025-ci ilə qədər olan müddətdə 35%-dən 45%-ə qədər artıracaq.
DBQ-nin bəyanatında deyilir ki, “COP28-də açıqlanan iddialı maliyyə paketi ilə Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələrdəki insanlara iqlim dəyişikliyinin dağıntılarına daha yaxşı tab gətirməyə və uşaqları və nəvələri üçün daha yaxşı bir dünya yaratmağa kömək edir.
Dünya Bankı Qrupu 2024-cü il iyulun 1-dən 2025-ci il iyunun 30-dək davam edəcək maliyyə ili üçün illik maliyyəsinin 45 faizini iqlim dəyişikliyi ilə bağlı layihələrə ayıraraq, qlobal istiləşmə ilə mübarizə aparmaq və bunu daha sürətli etmək üçün daha çox işlər görməyə çalışır”.
DBQ qeyd edir ki, bu artan ambisiya sadəcə təqdirəlayiq bir faiz deyil, 40 milyard dollardan çox sərmayə qoyuluşu əvvəllər nəzərdə tutulandan təxminən 9 milyard dollar çoxdur.
Oktyabr ayında Dünya Bankı yaşamaq üçün əlverişli planetdə yoxsulluqdan azad dünya yaratmaq üçün iddialı və genişləndirilmiş mandatı təmin edib. Yeni iqlim öhdəliyi Bankın bu mandatı yerinə yetirməsinin konkret nümunəsidir. İqlim dəyişikliyinin təsirindən ən çox zərər çəkənlər arasında davamlılıq və uyğunlaşmanı artırmaqla yanaşı, Dünya Bankı Qrupunun layihələri insanların və planetin sağlamlığını qorumaq üçün ekosistemlərin və biomüxtəlifliyin qorunmasına da diqqət yetirəcək.
İqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün öz balansından daha çox vəsait ayırmağı öhdəsinə götürən Bank, qlobal istiləşməyə səbəb olan istixana qazlarının azaldılmasına kömək etmək üçün təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə kömək etmək məqsədilə uyğunlaşma və yumşaldılma işlərini davam etdirəcək.
Paylaş:
Tam mətni oxu →