Misir COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa hazırdır - Səfir
Ümidvaram ki, Misirlə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcəkdir.
Trend-in məlumatına görə, bunu Misirin Azərbaycandakı səfiriHişam Məhəmməd Nağı Əbdül Həmid Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, 2023-cü ilin əvvəlində Misir prezidenti Əbdülfəttah əs-Sisi Bakıda, Azərbaycan Prezidenti İlham Əliyev isə ötən ilin iyununda Misirə səfər edib. Bu iki səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub və Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.
“Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına, eləcə də, 2026-cı ildə Misirin ev sahibliyi edəcəyi Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm", - Misir səfiri bildirib.
O, həmçinin, Misirin bu mühüm sahələrdə iki ölkə arasında əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir.