Bölgələrdə leysan xarakterli yağış yağıb, Gədəbəyə dolu düşüb
İyulun 27-si axşam saatlarına olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.