EKOLOGİYA
Azərbaycanlı alim: COP29 gələcək nəsillər üçün texnologiya sahəsində böyük töhfələr verəcək
Sənayeləşmə dövründən başlayaraq Yer kürəsinin temperatur rejimində dəyişikliklər baş verir. Yerin qlobal temperaturu onun istilik balansı ilə müəyyən olunur ki, bu da Günəşdən gələn qısadalğalı şüalanma enerjisi, Yerin özünün şüalandırdığı üzundalğalı enerji və atmosferdən qayıdan uzundalğalı enerji ilə tənzimlənir. Atmosferdə olan karbon qazı, metan, su buxarı və digər “parnik” effekti yaradan qazlar Günəşdən gələn şüalara qarşı şəffaf olsalar da, Yerin şüalandırdığı qısa dalğalı şüalanmanın bir hissəsini geri qaytarırılar. Əgər atmosferdə “parnik” effekti yaradan qazlar olmasa idi, onun qlobal temperaturu mənfi 15 dərəcə olardı ki, bu da canlıların varlığını mümkünsüz edərdi. Halbuki, son illərdə insan fəaliyyəti nəticəsində atmosferdə onların konsentrasiyasının həddindən artıq dərəcədə artması qlobal və regional temperaturların artmasına gətirir ki, bu da bəşəriyyəti yeni problemlər qarşısında qoyur. Sənayələşməyə qədər dövrlə müqayisədə Yerin qlobal temperaturu 1,1-1.2 0C artıb. İldən-ilə atmosferə atılan “parnik” qazlarının miqdarı artdığından Yerin yüzillklər ərzində formalaşan temperatur rejimi sürətlə dəyişməkdədir. Gözlənilən təhlükə ilə əlaqədar 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təsis olundu və qərara alındı ki, qlobal istiləşməyə nəzarət və onun qarşısının alınması məqsədilə hər il konvensiyaya qoşulan ölkələrin iştirakı ilə Tərəflər Konfransı (COP) keçirilsin və ilk belə bir tədbir 1995-ci ildə Berlin şəhərində keçirildi.Qlobal miqyasda baş verən iqlim dəyişikliyinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi 15 Dekabr 2015-ci ildə Paris sazişinin imzalanmasına gətirib çıxartdı. Fransa paytaxtında keçirilən 21-ci Tərəflər Konfransında (COP21) qəbul edilmiş və 4 Noyabr 2016-cı ildə qüvvəyə minmiş sazişə 195 ölkə razılıq verib, 89-u isə ratifikasiya edib.
Sazişdə nəzərdə tutulub ki, 2040-cı ilə qədər qlobal istiləşməni sənayeləşmədən əvvəlki (1850-1900) temperaturdan 2 dərəcədən çox olmamaqla 1.5 dərəcəyə qədər cilovlamaq lazımdır. Bu göstərici hazırda bir dərəcə ətrafındadır. 195 ölkə arasında sıx əməkdaşlığı formalaşdırmaq və hər bir ölkənin iqlim hədəflərinə dair öhdəliklərini öz resurslarına mütənasib olaraq müəyyənləşdirmək imkanı tanıyaraq dəstək olmaq effektiv nəticələr doğura bilər. Eyni zamanda lazım olan investisiyaların və maliyyənin ölkələr arasında axınını asanlaşdıraraq texnoloji inkişaf ilə bərabər bunun ölkələr arasında mobilliyini təmin etmək sazişdə əsas məqamlardan biridir. Bununla yanaşı, hər beş ildən bir şəffaflıq və nəticəyönümlü fəaliyyət üçün hesabatlığı gözdən keçirtmək də önəm daşıyır. Ümumilikdə isə Paris İqlim Sazişinin məqsədi qlobal temperatur artımını məhdudlaşdırmaq və karbon emissiyalarını azaltmaqdır. İqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını iki dərəcə ilə məhdudlaşdırmaq, mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq əsas mövzulardan biridir. Azərbaycan isə “Paris Sazişi”ni 28 oktyabr 2016-cı il tarixdə ratifikasiya edib.Məsələ ilə bağlı “Report”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov COP29-da “Paris Sazişi”nin bütün istiqamətləri üzrə addımlar atılmasının qaçınılmaz olduğunu bildirib:
“Ümumilikdə COP tədbirlərinin məqsədi, “Paris Sazişi”nin tələbi olaraq, atmosferdə karbon qazının (CO2) miqdarını azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmaq və sənayeləşmədən əvvəlki dövrə nisbətən 1,5 dərəcə Selsi artım həddindən yuxarı olmamasına nail olmaqdır. Görülən tədbirlər nəticəsində vəziyyətin yumşaldılması baş verməsə, yeni tədbirlərə ehtiyac duyulacaq”. COP (Conference of the Parties) yəni Tərəflərin Konfransı adlanan bu tədbir ölkələrin qlobal iqlim dəyişikliyi mübarizəsindəki rolunu gücləndirməyi hədəfləyir. Dubayda keçirilən COP28 konfransında alınan qərara əsasən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransı 11-22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
COP29 gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsi baxımdan da qlobal əhəmiyyət daşıyır. Belə ki, COP29-un keçirilməsi planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyamızın təhlükəsizliyi, planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açacaq əsas vasitədir. Buna görə də bu sahədə atılan addımlar gələcək nəsillər üçün bir sıra regional siyasi münaqişələrlə, ayrı-ayrı siyasi problemlərlə bağlı keçirilən tədbirlərdən daha əhəmiyyətli olmalıdır.
COP29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaq. Bu da təbii ki, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə səbəb olacaq. Ekoloji layihələrdə insanların aktiv fəaliyyətinə şahid ola bilərik. Bu da öz növbəsində COP29 konfransının nəinki Azərbaycanın, Yer kürəsinin gələcək nəsilləri üçün qlobal əhəmiyyətli dirçəliş prosesinə gedən yolda cığır aça bilər.